31 gündür aclıq edən Qarabağ qazisi, Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli bu gündən quru aclığa keçə bilər.
Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. Bəhruz Bayramov bildirib ki, Saleh Rüstəmli ona deyib ki, dekabrın 6-da son sözünü deyəcək, quru aclığa keçməkdə qərarlıdır.Vəkil Rüstəmlinin vəziyyəti həddindən artıq ağır olduğunu deyib.
"Əsəb sistemində, beyninin fəaliyyətində problemlər yarandığı hiss olunur. O, qırıq-qırıq danışır, cümlələri çətinliklə qurur," vəkil qeyd edib.
Dekabrın 6-da S.Rüstəmovun vəkilləri onun səhhətinə görə cəzasının qalan hissəsinin çəkilməsindən azad olunması üçün Nizami Rayon Məhkəməsinə müraciət edəcəklər. Bunu vəkil Aqil Layıc bildirib.
«Hörmətli vəkilimiz Behruz Bayramovla birlikdə uzun müddətdir aclıq aksiyası keçirən Saleh Rüstəmov(Rüstəmli) barədə ərizə hazırladıq və Bakı şəhəri Nizami Rayon Məhkəməsinə 06 dekabr 2021-ci il tarixində səhər tezdən təqdim ediləcəkdir. Hüquqi mexanizm olaraq biz əlimizdən gələni edirik ki, onu həyata və azadlığına qovuşduraq. Onun ciddi xəstəlikləri var, eyni zamanda böyrək çatışmazlığından da əziyyət çəkir. Məhz bu halları nəzərə alaraq məhkəmənin onu çəkilməmiş cəzadan azad etməsi üçün heç bir maneə yoxdur. Ümid edirəm bu hüquqi prosedur müsbət qarşılanacaq və o, azadlığına və səhhətinə qovuşacaq. Yardımını əsirgəməyən hüquqşünas Yalçın İmanova və Tural Ağayevə xüsusi təşəkkür edirik», - Layıc öz facebook səhifəsində yazıb.
* Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.