Sərhədsiz Reportyorlar Təşkilatının yeni hesabatı: 488 jurnalist və media işçisi həbsdədir

Sərhədsiz Reportyorlar Təşkilatının yeni hesabatı: 488 jurnalist və media işçisi həbsdədir
16 Dekabr 2021
Mətni dəyiş
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) dünyada 488 jurnalist və media işçisinin həbsdə olduğunu açıqlayıb. Bu, qurum 25 il öncə illik hesabat açıqlamağa başlayandan bəri ən böyük rəqəmdir. Ötən illə müqayisədə bu il işinə görə həbsdə olan media peşəkarlarının sayı 20 faiz artıb. Səbəb isə Myanma (Birma), Belarus və Honq Konqda mediaya təzyiqlərin artmasıdır. RSF illik mətbuat azadlığı hesabatını dekabrın 16-da açıqlayıb. Bu il 46 media işçisi öldürülüb və bu, 1995-ci ildə illik statistika dərc ediləndən bəri ən aşağı göstəricidir. Azalmanın Suriya, İraq və Yəməndə “münaqişələrin səngiməsi” ilə bağlı olduğu bildirilir. Meksika və Əfqanıstanda uyğun olaraq yeddi və altı jurnalist öldürülüb. Əfqanıstanda jurnalist ölümlərinin çoxuna görə məsuliyyəti İŞİD terror təşkilatının yerli qanadı, yaxud Taliban üzərinə götürüb. Qətlləri törədənlərin “tam cəzasız” qaldığı vurğulanır. Artıq beşinci ildir Çin ən çox jurnalist və media işçisinin həbsdə olduğu ölkə hesab edilir. Hazırda bu ölkədə 127 jurnalist həbsdədir. RSF bunu Pekinin Honq Konqa nəzarəti gücləndirməsi ilə izah edir. Myanma həbsdə olan jurnalist sayına görə ikinci (53), Vyetnam isə üçüncü (43) yerdədir. Belarusda 32 jurnalist və digər media işçisi həbsdədir. Media işçiləri deyəndə media qurumlarının menecerləri, direktorları, mühasibləri, hüquqşünasları nəzərdə tutulur. Ötən il onların sayı 7 nəfər idi. Aleksandr Lukaşenkanın ötən ilin avqustunda prezident seçkisinin qalibi elan olunmasına etiraz edənlərə amansız divan tutulub. Bu ölkədə saxlanan media işçilərinin 17-si qadın, 15-i kişidir. RSF dünyada indiki qədər qadın jurnalistin həbsdə olmadığını bildirir. Onların sayı 60 nəfərdir, ötən ilə nisbətən 1/3 dəfə artıb. Daha 65 jurnalist isə girovluqdadır. Onlar əsasən Suriya, İraq və Yəməni əhatələyir. Fransadan bir jurnalist isə Malidə saxlanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun