Rusiya Ali Məhkəməsi “Beynəlxalq Memorial” təşkilatının ləğvi barədə qərar verib

Rusiya Ali Məhkəməsi “Beynəlxalq Memorial” təşkilatının ləğvi barədə qərar verib
28 Dekabr 2021
Mətni dəyiş
Rusiya Ali Məhkəməsi "Beynəlxalq Memorial" təşkilatının ləğvi barədə qərar çıxarıb. Bu barədə Meduza-nın müxbiri məhkəmə zalından məlumat verib. Ləğvetmə ilə bağlı müraciəti məhkəməyə Baş Prokurorluq edib. Qurum bu addımı “Beynəlxalq Memorial”ın “xarici agentlər” haqqında qanunun tələblərini dəfələrlə pozması ilə izah edib. Yekun iclasda Baş Prokurorluğun nümayəndəsi bildirib ki, təşkilat “SSRİ-nin terrorçu dövlət kimi saxta imicini yaradır, nasist cinayətkarlarını təmizə çıxarır və reabilitasiya edir”. “Beynəlxalq Memorial”ın nümayəndələri Baş Prokurorluğun iddialarını rədd edərək, qurumun ləğvi üçün heç bir hüquqi əsasın olmadığını vurğulayıblar. Qərar qəbul edildikdən sonra “Beynəlxalq Memorial”ın idarə heyətinin sədri Yan Raçinski təşkilatın bundan şikayət edəcəyini, lazım gələrsə, AİHM-ə müraciət edəcəyini vurğulayıb. O, həmçinin qeyd edib ki, müraciətə baxılana qədər işdə heç bir dəyişiklik olmayacaq. Dekabrın 29-da Moskva Şəhər Məhkəməsi Moskva prokurorluğunun “Memorial” hüquq müdafiə mərkəzinin ləğvi ilə bağlı analoji iddiasına baxacaq. Onlarla Rusiya və beynəlxalq təşkilatlar, siyasətçilər, elm və mədəniyyət xadimləri “Memorial”ı dəstəkləyiblər. Onların arasında Nobel Sülh Mükafatı laureatları, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov, SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov da var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun