“Onunla bağlı Prezidentin köməkçisi ilə görüşməyə çalışacağıq”
Noyabrın 30-da hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Ədliyyə Nazirliyi yanında İctimai Müşahidə Komitəsinin rəhbəri Əliməmməd Nuriyev Saleh Rüstəmova baş çəkiblər.
Bu barədə Novella Cəfəroğlu “Turan”a danışıb.
O deyib ki, S.Rüstəmov 15 kiloqram çəki itirib:
“Biz aclığın orqanizm üçün ciddi fəsadlara səbəb olacağından narahatıq. Prezidentin köməkçisi Fuad Ələsgərovla görüşməyə və Rüstəmovun amnistiyaya düşməsi üçün ittihamların yumşaldılmasına nail olmağa çalışırıq. Saleh Rüstəmov ləyaqətli insandır. Onun və digər siyasi məhbusların azad edilməsini istəyirik ki, ölkə beynəlxalq tənqidlərə məruz qalmasın”.
Vəkil Bəhruz Bayramov bildirib ki, Saleh Rüstəmov hüquq müdafiəçilərinin aclıq aksiyasını dayandırmaqla bağlı xahişini qəbul etməyib:
“O, imtina edib və məcburi qidalanmaya imkan verməyəcəyini bildirib”.
Vəkilin sözlərinə görə, Saleh Rüstəmovun vəziyyəti ağır olaraq qalır: “Tibbi nəzarət var: analizlər götürülür, təzyiqi ölçülür”.
S.Rüstəmov 26 gündür ki, aclıq aksiyası keçirir. O, həbsdən azad olunmasını və yaxınlarının əmlakına, ata evinə qoyulan müsadirə qərarının ləğv edilməsini istəyir.
Onun azad edilməsi ilə bağlı ötən həftə QHT nümayəndələri, hüquqşünaslar, jurnalistlər çağırış etsələr də, heç bir rəsmi reaksiya yoxdur.
Noyabrın 27-də AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı, D18 Hərəkatı, NİDA Vətəndaş Hərəkatı, AXCP Gənclər Komitəsi və REAL Gənclər Birliyinin təşəbbüsü ilə “Saleh Rüstəmovun Hüquqlarının Müdafiəsi Komitəsi” yaradılıb.
Komitə Saleh Rüstəmovun hüquqlarının müdafiəsini koordinasiyalı şəkildə təşkil edib, bununla bağlı müvafiq addımlar atacağını açıqlayıb.
Xalq Cəbhəsinin hakimiyyəti dövründə (1992-1993) Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunub.
Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.
O, 2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gəlib və Şəmkirdə saxlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.
İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.
Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pulları leqallaşdırmaqda ittiham olunublar.
İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd ediblər.
Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.
Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib.
Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.
Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.
AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.