Yolu azaraq Ermənistan tərəfə keçən iki azərbaycanlı Azərbaycana qaytarılıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.
Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunmuşdur.
Bundan əvvəl isə Ermənistan mediası iki azərbaycanlı hərbçinin əsir götürüldüyünü yazmışdı. Sosial şəbəkələrdə də bununla bağlı görüntü yayılmasına baxmayaraq Azərbaycan Müdafiə Nazirliyi məsələni şərh etmirdi.