Meta platformalarında kiber casusluq edən və istifadəçiləri hədəf alan şirkətlərə qadağa qoyulub

Meta platformalarında kiber casusluq edən və istifadəçiləri hədəf alan şirkətlərə qadağa qoyulub
17 Dekabr 2021
Mətni dəyiş
Facebook, Whatsapp və Instagram kimi tətbiqlərin sahibi Meta şirkəti öz platformalarında istifadəçiləri hədəf almalarının qarşısını almaq üçün yeddi izləmə şirkətinə qadağa qoyduğunu açıqlayıb. Meta-nın yeni hesabatına görə, təxminən 50 min istifadəçi "zərərli fəaliyyət" xəbərdarlığı ala bilər. Kompaniya monitorinq şirkətlərini saxta hesablar yaratmaq, proqramlar vasitəsilə hədəf auditoriya ilə dostluq etmək, bir-birini izləmək və hesabları sındırmaq kimi fəaliyyətlərlə məlumat toplamaqda ittiham edib. Bu şirkətlərin xüsusilə jurnalistləri və hüquq müdafiəçilərini hədəf aldığını bildirən Meta hesabatında aylarla davam edən araşdırma nəticəsində WhatsApp, Instagram və Facebook-u izləyən 1500 hesabın dondurulduğunu açıqlayıb. Metanın sözlərinə görə, bu şirkətlər dünyanın 100-dən çox ölkəsində yaşayan minlərlə insanı hədəf alıb və müxtəlif müştəriləri üçün məlumat toplamağa çalışıblar. Bu ilin əvvəlində Pegasus casus proqram təminatının Whatsapp üzərindən yayılaraq minlərlə insanı hədəf aldığı ortaya çıxıb. “Facebook” bununla bağlı hüquqi prosedurlara başlayacağını açıqlayıb. ABŞ hökuməti Pegasus-un sahibi NSO Group-u da xarici hökumətlər adından ayrı-ayrı şəxsləri hədəf almaqda ittiham edərək qara siyahıya salıb. Yeni hesabatın təqdimatında metatəhlükəsizlik siyasətinin rəhbəri Nataniel Gleyxer deyib ki, monitorinq və izləmə sənayesi bir şirkətdən daha böyükdür. Metanın adını açıqladığı şirkətlər arasında İsraildən Black Cube adlı şirkət də var. Şirkət Harvi Vaynşteyn tərəfindən onu cinsi istismarda ittiham edən qadınları gizlicə izləmək üçün tutulub. Mövzu ilə bağlı Reuters-ə açıqlama verən Black Cube "hesab sındırma və ya qeyri-qanuni izləmə" iddialarını rədd edərək fəaliyyətlərinin yerli qanunlara uyğun olduğunu bildirmişdi. Meta-nın açıqlamasına görə, qadağan olunmuş şirkətlərin fəaliyyətlərinin monitorinqinin hədəfi olan istifadəçilər yaxın günlərdə detallar verilmədən avtomatik olaraq “zərərli fəaliyyət” xəbərdarlığı alacaqlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun