Londonda müstəqil məhkəmə: Çin uyğurlara qarşı soyqırım törədib

Londonda müstəqil məhkəmə: Çin uyğurlara qarşı soyqırım törədib
9 Dekabr 2021
Mətni dəyiş
Çinin uyğur xalqının hüquqlarını pozmasına dair sübutları qiymətləndirən müstəqil tribunal Çin hökumətinin Sincanda soyqırım və insanlığa qarşı cinayətlər törətdiyi qənaətinə gəlib. Hüquqşünaslar, akademiklər və iş adamlarından ibarət “Uyğur Xalq Məhkəməsi”nin Çinə qarşı sanksiya tətbiq etmə və ya cəzalandırma səlahiyyəti yoxdur. Bununla belə, soyqırım iddialarını dəstəkləyən dəlil və ifadələrin ortaya çıxarılmasının Çinin hüquq pozuntularına görə cavabdehlik daşımasında mühüm rol oynacağı bildirilir. Sözügedən müstəqil qurum Dünya Uyğur Konqresini təmsil edən insan haqları müdafiəçisinin Çinin Sincan-Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı törədilən hüquq pozuntularının “soyqırım” olub-olmadığını araşdırmaq tələbini aylardır müzakirə edir. Soyqırımın Qarşısının Alınması Günü ilə bağlı hökmü elan edən məhkəmə Çin Kommunist Partiyasının qəsdən uyğur türklərini və onların həyat tərzini qismən məhv etməyi hədəflədiyi haqda qərar verib. Associated Press xəbər agentliyinin məlumatına görə, Dünya Uyğur Konqresi əvvəllər Bosniya müharibəsinə görə keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloseviçin məhkəməsinə rəhbərlik edən və Beynəlxalq Cinayət Məhkəməsində vəkil olan Ceffri Naysdan uyğur xalqına qarşı "davam edən vəhşiliyi və mümkün soyqırım hadisələrini" araşdırmağı xahiş edib. Məhkəməyə sədrlik edən Nays dövlət tərəfindən kütləvi həbs, ailələrin ayrılması, sterilizasiya, cinsi zorakılıq, məcburi əmək və mədəni irs obyektlərinin dağıdılması strategiyalarının həyata keçirildiyini bəyan edib. Çin Kommunist Partiyasının uyğur türklərinin doğum nisbətini azaltmaq üçün "qəsdən və sistemli" siyasət yürütdüyünü qeyd edən Nays Çinin soyqırımdan əlavə, təcavüz, işgəncə və məcburi sterilizasiya tətbiqləri ilə insanlığa qarşı cinayətlərdə də günahkar olduğunu açıqlayıb. Şahidlər yaşadıqlarını danışmışdılar Hüquqi qüvvəsi olmayan məhkəmə beynəlxalq məhkəmələr vasitəsilə Çinin məsuliyyətə cəlb edilməməsinə reaksiya olaraq yaradılıb. İyun və sentyabr aylarında keçirilən iclaslarda şahidlər, ekspertlər dinlənilib, yüzlərlə səhifəlik sübutlar toplanıb. Çin məhkəməyə nümayəndə göndərməkdən imtina edib. Məhkəmədə dinlənilən bəzi şahidlər düşərgələrdə saxlandıqları müddətdə qrup şəklində zorlandığını, zorla sterilizasiya edildiyini və işgəncələrə məruz qaldıqlarını bildiriblər. ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Belçika, Kanada və Hollandiya parlamentləri Çinin uyğur türklərinə qarşı etdiklərini “soyqırım” kimi tanıyıb. Çinin Sincan Uyğur Muxtar Bölgəsində etdikləri Çində uyğur türklərinin kimliyinə və mədəniyyətinə qarşı edilən pozuntular son illərdə beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, ən azı 1 milyon uyğur türkü Pekinin “peşə təhsili mərkəzləri” adlandırdığı və beynəlxalq ictimaiyyətin “yenidən təhsil düşərgələri” adlandırdığı yerlərdə öz iradəsi əleyhinə saxlanılır. Pekin administrasiyası Sincan-Uyğur Muxtar Bölgəsində neçə düşərgənin mövcudluğu, neçə nəfərin olduğu və bu insanların neçəsinin sosial həyata qayıtdığı barədə məlumat vermir. BMT və digər beynəlxalq təşkilatlar düşərgələrin təftiş üçün açılması çağırışlarını təkrarlasa da, Çin özünün təyin etdiyi bir neçə düşərgəyə az sayda xarici diplomat və mətbuat mənsublarının qismən daxil olmasına icazə verib. Çin rəsmiləri BMT-nin birbaşa məlumat üçün bölgəni sərbəst araşdırmaq tələbini rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun