Azərbaycanın keçmiş dövlət katibi Lalə Şövkət həbsxanada 39 gündür aclıq edən Saleh Rüstəmlinin azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:
“Mən ilk dəfədir Sizə müraciət edirəm. 39 gün aclığı davam etdirən Saleh Rüstəmli artıq ölüm ayağındadır. Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması bağışlanmaz ədalətsizlikdir. Qarabağ qazisinin məhbəsdə ölməsi Azərbaycan tarixinin ən qara səhifəsi ola bilər.
İlham bəy! Bu zərbə həm də Sizin imicinizə böyük xələl gətirər. Saleh bəyi dərhal azad edin, onu ölməyə qoymayın!”
Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.
Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.
Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.
Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.
Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.
Saleh Rüstəmli qanunsuz həbsinə və Amnistiya Aktına düşmədiyinə görə 39 gündür aclıq aksiyası edir. Rüstəmli artıq 3 gündür ki, sudan və dərmandan imtina edərək quru aclığa keçib.