“Artıq Saleh Rüstəmlinin həyatı üçün təhlükəli bir dönəm başlayıb. Saleh Rüstəmli uzun müddətdir aclıq edir və buna uyğun olaraq orqanizmində dəyişikliklər baş verib. Xeyli çəki itirib. Aclığa uyğun olaraq başqa orqan və toxumalarda da dəyişliklər olub”.
Bu barədə müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla dekabrın 14-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində 40 gündür aclıq edən və dekabrın 13-dən quru aclığa keçən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli ilə görüşdən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.
Həkim həyat üçün təhlükədən danışarkən deyib ki, aclıqla yanaşı, yəni immun sistemin xeyli zəifləməsi fonunda hər hansı yan xəstəliyin qoşulması (məsələn, pnevmoniya, soyuqdəymə və s.) onun vəziyyətini kəskin ağırlaşdıra bilər.
“Bu səbəbdən Rüstəmlinin mülki xəstəxanaya köçürülməsi və reabilitasiya məsələsi gündəmə gətirilməlidir. Mən həkim kimi bunu təklif etmişəm. İndi müvafiq qurumların təklifini gözləyirik. Görək nə qərar verəcəklər. Hər halda mülki xəstəxanaya köçürülsə ona daha çox yardım edə bilərik,” o qeyd edib.
Adil Qeybulla deyib ki, quru aclıq, yəni sudan imtina çox təhlükəlidir.
“Bu zaman çox yaxın günlərdə bədəndə dövranda olan mayenin miqdarı azalar və xəstə komaya düşə bilər. Komaya düşəndən sonra xəstənin komaya necə reaksiya verəcəyini və komadan necə çıxacağını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir,” tibb elmləri doktoru bildirib.
Adil Qeybulla deyib ki, Rüstəmlinin məcburi və ya süni qidalandırılması ilə bağlı hələ cəhd olmayıb.
“Mən ondan soruşdum. Belə cəhd olsa idi, o mənə deyərdi. Ona aclığı dayandırmaq və ya zondla qidalandırmaq təklif olunub. Rüstəmli bundan imtina edib,” həkim qeyd edib.
Rüstəmli quru aclığa keçəndən sonra, dekabrın 13-də onun 4 nəfər ailə üzvü quru aclığa başlayıb. Bu gün Rüstəmlini müdafiə məqsədi ilə 7 nəfər aclıq edir.
Penitensiar Xidmət Saleh Rüstəmlinin quru aclığa keçməsi ilə bağlı hələ şərh verməyib.