Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Saleh Rüstəmlinin aclıq aksiyasının 36-cı günündə həkim Adil Qeybulla şəbəkədə bəyanat yayıb. O, bu yaxınlarda məhbusa venadaxili infuziya şəklində parenteral, yəni həzm sisteminin iştirakını istisna edən qida verməyə başlayıblar.
Bu müalicə haqqında qərarı A.Qeybulla və Rüstəmlinin vəziyyətini izləyən digər həkimlər qəbul ediblər. “Amma unutmamalıyıq ki, alimentar (normal) qidanı heç nə əvəz edə bilməz... Yaddan çıxarmamalıyıq ki, yaş, əlavə xəstəliklər, stres fonunda həyata keçirilən parenteral dəstək müvəqqəti xarakter daşıyır. İstənilən an ölümcül ağırlaşmalar yarana bilər”.
Adil Qeybulla izah edir ki, su qəbulu ilə müşaiyət olunan uzunmüddətli aclıq zamanı qidalandırıcı maddələrin çatışmazlığı ilk növbədə orqanizmdə yığılmış piy resurslarının sərfiyyatı ilə kompensasiya edilir. Piy toxuması zülalların və enerji materiallarının sintezinə səfərbər olunur, orqanizm arıqlayır. Bu proses ardıcıl olaraq getdikdə həyati əhəmiyyətə malik orqanlarda, o cümlədən baş beyində, ürəkdə, qara ciyərdə, böyrəklərdə distrofiya prosesləri, bərpaolunmaz proseslər baş verir.
Aclıq təkcə somatik (bədən) dəyişikliklərə səbəb olmur, həm də insanın psixikasına və davranışına da ciddi təsir göstərir. Yaddaş və koqnitiv (psixi) funksiyalar zəifləyir, hallüsinasiya və apatiya baş verə bilər. Ölüm orqanizmin həyati əhəmiyyətə malik funksiyaları təmin edə bilmədikdə baş verir.
Saleh Rüstəmli COVİD-19 keçirib. Onun immun sistemi həddindən artıq ciddi ağırlaşmalarla qarşılaşır, postkovid sindromu isə davam edən aclıq fonunda əlavə təhlükə təşkil edir. İstənilən an proses ölümlə nəticələnə bilər.
“Gəlin bunu unutmayaq. Dövlətin mərhəməti ümidilə”, həkim Adil Qeybulla şəbəkədəki yazısını bu sözlərlə tamamlayır.
Əlavə edək ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Rüstəmlinin aclıq aksiyasına münasibət bildirib. “Biz Saleh Rüstəmlinin vəziyyətinin pisləşməsi haqqında məlumatlardan dərin narahatlıq hissi keçiririk. Azərbaycan humanitar əsaslarla onu təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. O, artıq 35 gündür aclıq edir və ölmək üzrədir”. Bu barədə N.Prays dekabrın 11-də öz Tvitter səhifəsində yazıb.
Siyasi məhbus Saleh Rüstəmli saxta ittihamla qanunsuz olaraq 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq aclıq edir.