Aqil Hümbətovun həyat yoldaşı: “Deyir ki, betonun üstə yatıram, səsimi də çıxaran kimi həbsxana yoldaşlarımı cəzalandırırlar”

Aqil Hümbətovun həyat yoldaşı: “Deyir ki, betonun üstə yatıram, səsimi də çıxaran kimi həbsxana yoldaşlarımı cəzalandırırlar”
1 Dekabr 2021
Mətni dəyiş
[embed]https://www.youtube.com/watch?v=Y_i-jLoJW6s&t=6s[/embed]  

“Qaldığı yerdə döşəmə beton, pəncərələrsə qırıqdır. Deyir ki, kurtkamı betonun üstünə atıb elə yatıram. Səsini də çıxaran kimi həbsxana yoldaşlarını cəzalandırırlar: elektron çaydanı, televizoru aparırlar, ya da tualetin qapısını bağlayırlar”.

Uşaq pulunu tələb etməsi və sosial mediada trollara qarşı mövqe sərgiləməsi ilə tanınan AXCP fəalı Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova əri ilə son görüşü zamanı öyrəndiklərini və təəssüratlarını bölüşür.

O danışır ki, ayda cəmi bir dəfə görüşə bilirlər. 30-40 dəqiqə çəkən bu görüş narazılıq və məyusluqdan ibarət olsa da, Aygün ərinin öz fikrində qərarlı olduğunu söyləyir. Yoldaşının dözümlülüyü ilə fəxr etdiyini deyən Aygünü indi qayğılandıran tək şey 3 uşağı ilə necə yaşayacağıdır.

O, uşaqları ilə birgə Bakıdan 46 km şərqdə - Zirə kəndində yaşayır. “Koroğlu” metrostansiyasından avtobusla Zirəyə getməyə 1 saat 30 dəqiqə, dayanacaqdan onların evinə piyada getməyəsə 15-20 dəqiqə vaxt lazımdır.

Onların yaşadığı məhəllə sanki dünyanın sonu olan ucsuz-bucaqsız boz yerdir, bura rəng qatan tək şey uşaqların səbəbsiz şənliyi, bir də darvazada asılı cırılmış bayraqdır. Aygün deyir ki, əri prezidenti tənqid etdiyi üçün qohumları onlardan üz döndərib, əlaqələr kəsilib, bu dar, balaca şəraitsiz evdə onlar allahın ümidinə qalıblar.

“Aqil həbs olunandan sonra lap başımı itirmişəm. Bilmirəm yemək dərdi çəkim, yoxsa uşaqların dalınca qaçım”

“Elə gün olur içməyə çay belə tapmırıq. İşığı, suyu, qazı qorxa-qorxa işlədirəm. Təkcə qaz peçi günə 70 qəpik yazır, limiti çoxdan keçmişik. Qabaqdan şaxtalı havalar gəlir, onda neyləyəcəm bilmirəm...”

Qadının sözlərinə görə, böyük oğlu Hüseynin 7 yaşı var, autizm sindromludur, danışa bilmir. Kiçik oğlu 3 yaşındadır, o da danışmır. Ortancılı isə qızdır, 5 yaşı yeni tamam olub.

Aygünün sözlərinə görə, oğlu autizm sindromlu olduğu üçün günün böyük hissəsini ona nəzarət etməklə keçir. O, uşağın qollarını, ayaqlarını göstərərək deyir: “Durduğu yerdə qolunu dişləyir, hətta mənim də qolumu dişləyib. Bir az fikrim yayınan kimi onu hasarın başında tapıram. Başına bir iş gəlsə neyləyəcəm? Kimdir buna cavabdeh?”.

A.Hümbətova ərinin tənqidi videolarından sonra bir polis vasitəsilə uşaqlarının müalicəsi məqsədilə onlara yardım edildiyini söyləyir və əlavə edir ki, bu “kömək” çox çəkməyib, bir neçə aydan sonra kəsilib.

Hazırda Hüseynin müalicəsi yarımçıq qaldığından ona baxmaq daha da çətinləşib: “Tez-tez paltarını isladır, günü-gündən geriyə gedir uşaq”.

O deyir ki, oğluna pensiya düşsə də, indiyə qədər həkimlər uşağın adını sistemə daxil etməyiblər.

“Xəstəxanaya gedirəm, həkim rəsmiləşdirmə üçün pul istəyir. Mənə dedi ki, sakitcə 200 manat gətir, uşağın sənədlərini sistemə vurum. İmtina edəndə deyirlər: “Get sənədlərini yenidən yığ”. 3 uşaqla hara gedim, necə gedim? Taksiyə vermək üçün nə qədər pul lazımdır. Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov kimi insan oğluma autizm diqaqnozu qoyub. Hər şey göz qabağındadır, uydurmuram ki”. İndi onun dövlətdən əsas tələbi övladlarına düşən uşaq pulunu almaqdır. Bununla o heç olmasa uşaqlarını müalicə etdirə biləcəyini söyləyir:

"Uşaqlara məndən başqa baxan yoxdur, pulum qurtarıb, nə mağazaya gedə bilirəm, nə də getsəm, ərzaq almağa pulum var. Evdə elektrik təhlükəli vəziyyətdədir, su çəni axır. Aqili yalan ifadələrlə, guya qonşuya hücum etməsinə görə həbs ediblər. Ərimi zindana salanlar indi uşaqlarının qeydinə qalsınlar. Prezident İlham Əliyevə səslənirəm: üç körpə uşaq acdır. Zirə bələdiyyəsi yardım etmir, kənd icra hakimiyyətində telefon zənglərimə cavab vermirlər. Prezident ailəmizin qeydinə qalsın, Aqili azadlığa buraxsınlar, mən tək balalarımın ehtiyaclarını ödəyə bilmirəm".

Aqil Hümbətovun həbsxana şəraiti dəyişməz olaraq qalır

Aqil Hümbətovun son vəziyyəti haqqında  Ədliyyə Nazirliyi Pentensianar Xidmətdən məlumat almaq mümkün olmayıb.

Vəkili Nemət Kərimli “Toplum TV”-yə açıqlamasında fəalın şəraitsiz yerdə saxlanıldığını bildirib.

[caption id="attachment_5804" align="aligncenter" width="731"] Vəkil Nemət Kərimli[/caption]

Onun sözlərinə görə, şəraitin yaxşılaşdırılması və insan ləyaqətini alçaldan hərəkətlərlə bağlı məhkəməyə rəsmi müraciət edilsə də, Xəzər rayon məhkəməsi şikayəti tanımayıb, rədd cavabı verib. Nemət Kərimli vəziyyətlə bağlı Apellyasiya Məhkəməsinə müraciət edildiyini, sənədlərin Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlandığını bildirir.

Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Aqil Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinib.

Ancaq Hümbətov özünü təqsirli bilmir. Hökmdən öncə son sözündə deyib ki, o, siyasi sifarişlə, sosial şəbəkələrdəki tənqidlərinə görə həbs olunub. Müxalifətçi fəalın sözlərinə görə, sifarişin icrası məqsədilə də təxribat hazırlanıb, o, zibil atmaq adıyla Məmmədovun yaşadığı evə çağrılıb. Hümbətov deyir ki, zərərçəkmiş Məmmədov öz-özünə xəsarət yetirib, əvvəldən hazır vəziyyətdə olan polislər də dərhal o həyətə gəlib.

Bundan əvvəlsə o, 2020-ci ildə isə videomüraciət yayaraq ölkə rəhbərliyini tənqid etməsindən sonra Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun