Dünya Ərzaq Proqramı: "Əfqanıstanda milyonlarla insan aclıq və səfalətlə üz-üzədir"

Dünya Ərzaq Proqramı: "Əfqanıstanda milyonlarla insan aclıq və səfalətlə üz-üzədir"
20 Dekabr 2021
Mətni dəyiş
Qış mövsümünün astanasında Əfqanıstanda milyonlarla insanın üzləşdiyi aclıq böhranı faciəyə çevrilməyə yaxındır. Bu barədə məlumat Dünya Ərzaq Proqramının yeni hesabatında yer alıb. Dünya Ərzaq Proqramı bunun qarşısını almaq üçün Əfqanıstandakı humanitar əməliyyatlarını sürətli şəkildə artırır. 2021-ci ildə 15 milyon əfqanı ərzaqla təmin edən idarə bildirir ki, növbəti il yardımdan faydalanan insanların sayını 23 milyona qədər artıracaq. İdarənin sözçüsü Tomson Piri deyib ki, Əfqanıstan iqtisadiyyatı çöküb, valyutanın isə dəyər itirməsi insanların qidalanmalarını getdikcə daha da çətinləşdirir. “Qış yaxınlaşdıqca ailələr çarəsiz tədbirlərə əl atırlar. İndi hər 10 ailədən doqquzu daha ucuz və daha az bəsləyici olan ərzaqlar alır. Hər 10 ailədən səkkizi daha az yemək yeyir, onda yeddisi isə borc yemək alır,” o deyib. Dünya Ərzaq Proqramı beş yaşından aşağı bütün uşaqların, yəni təxminən 3.2 milyon uşağın bu qış kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi gözlənilir. Bu vəziyyətdən əziyyət çəkən bir milyona yaxın uşaq, habelə yarım milyon hamilə və süd verən qadın bu il qidalanma müalicəsi alıb. Piri deyib ki, Dünya Ərzaq Proqramı bu proqramı 2022-ci ildə genişləndirməyi planlaşdırır. O bildirib ki, idarə həmçinin ölkə boyu məktəbləri 1 milyon uşaq üçün yemək, evə götürə biləcəkləri ərzaq və nəğd pul trasferləri ilə təmin etməyi planlaşdırır. “Onların ehtiyacları çoxdur. Biz də bu böhranın fəlakətə çevrilməsnin qarşısını almaq üçün çox iş görməliyik. Ölkə üzrə direktorumuz vəziyyətin çox dəhşətli olduğunu bildirir. O deyir ki, orada aclıq və səfalət uçqunu yaşanır,” Piri deyib. Dünya Ərzaq Proqramı gələn il 23 milyon əfqanı həyat qurtaran yardımla təmin etmək üçün təcili olaraq hər ay 220 milyon dollara və ya ümumilikdə 2.6 milyard dollara ehtiyacının olduğunu deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun