3 Dekabr 2021
Mətni dəyiş
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də dekabrın 1-də Bakıda hazırda həbsdə olan və 28 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmliyə dəstək mitinqində baş verənlərə münasibət bildirib.
Bu barədə səfirliyin sosial şəbəkədəki hesablarından paylaşım edilib.
Səfirliyin bəyanatında deyilir:
Böyük Britaniya Azərbaycan hakimiyyətini dekabrın 1-də keçirilən etiraz aksiyasından sonra Tofiq Yaqublu və başqalarının ağır rəftara məruz qalmaları barədə xəbərləri araşdırmağa çağırır. Dinc etiraz hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və ona hörmət edilməlidir.
Dekabrın 1-də Bakının Fəvvarələr Meydanında hazırda həbsdə olan sabiq icra başçısı, Qarabağ qazisi Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Saleh Rüstəmlinin dərhal azadlığa buraxılmasını tələb ediblər.
Polis aksiya iştirakçılarını zorakılıqla saxlayıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu polisin ona işgəncələr verdiyini deyib. Yaqublunun işgəncədən sonra çəkilmiş şəkilləri ciddi narahatlıq və etiraz yaradıb. Bundan başqa, AXCP üzvü Paşa Dadaşzadənin qolu sındırılıb, digər saxlananların bəziləri bədənlərinin müxtəlif yerlərindən xəsarət alıblar.
Məhkəmə aksiyada saxlanılan AXCP üzvləri İlham Hüseynə 30 sutka, Səyyad Quliyevə 15 sutka, Elxan Əliyevə 20 sutka, Elçin Teymurova 25 sutka həbs cəzası verib. Aksiyada iştirak etməyən ictimai fəal Rüstəm İsmayılbəyli də 30 sutka inzibati qaydada həbs olunub.