Dekabrın 30-da ABŞ prezidenti Co Bayden Vladimir Putinlə 50 dəqiqəlik söhbət zamanı Kremlə xəbərdarlıq edib ki, Moskva Ukraynaya müdaxilə edərsə, Vaşinqton “qətiyyətli” cavab verəcək, TURANın amerikalı müxbiri xəbər verir.
Bayden rusiyalı həmkarını Ukrayna ilə gərginliyi azaltmağa çağırıb və "əhəmiyyətli irəliləyişin yalnız gərginliyin azaldılması şəraitində baş verə biləcəyini" təkrarlayıb, Ağ Evin sözçüsü Ceyn Psaki bildirib.
Kreml isə öz növbəsində bildirib ki, yeni sanksiyalar Moskva ilə Vaşinqton arasında münasibətləri tamamilə poza biləcəyi və bu böyük səhv olacaq.
Söhbət Moskvanın təşəbbüsü ilə baş tutub, Vaşinqtonun əsas məqsədi iki ölkə arasında təhlükəsizlik məsələləri ilə bağlı qarşıdan gələn danışıqların “tonunu müəyyən etmək” olub. ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, Bayden və Putin arasında söhbətin tonu “ciddi” olub.
Bayden ABŞ-ın Rusiyanın hərəkətlərindən asılı olacaq iki yanaşmasını qeyd etdi. Biri vəziyyətin deeskalasiyasına aparan diplomatiya yolu, digəri isə Rusiyanın Ukraynaya təcavüzünü davam etdirəcəyi təqdirdə ciddi itkilər və nəticələrə səbəb olacaq yoldur. “Eləcə də müttəfiq ölkələrdə NATO qüvvələrinin genişləndirilməsi ehtimalı, həmçinin Ukraynaya özünü və ərazisini müdafiə etməyə davam etməyə imkan verəcək əlavə yardım”, - Vaşinqtonun sözçüsü bildirib.
Vaşinqton və Moskva rəsmiləri Moskvanın təhlükəsizlik tələblərini müzakirə etmək üçün yanvarın 10-da Cenevrədə görüşməlidirlər. Həmin həftə Rusiya rəsmiləri NATO və ATƏT Daimi Şurasının nümayəndələri ilə də görüşəcəklər.