Baş Prokurorluq jurnalisti araşdırma yazısına görə məhkəməyə çıxarıb, məhkəmə 500 manat cərimə kəsib

Baş Prokurorluq jurnalisti araşdırma yazısına görə məhkəməyə çıxarıb, məhkəmə 500 manat cərimə kəsib
20 Dekabr 2021
Mətni dəyiş

Hərbi jurnalist Səxavət Məmməd Baş Prokurorluğa dəvət edilib. 

Bu barədə onun özü məlumat verib. Jurnalist bildirilib ki, onunla Baş Prokurorluqda söhbət aparıldıqdan sonra, məhkəməyə çıxarılıb.

"Dekabrın 18-də Yenicag.az saytında gedən son yazılarla bağlı Baş Prokurorluğa dəvət edildim. İzahatımı aldılar, daha sonra söhbət etdik. Orada da bildirdim ki, orduda baş verənlərlə bağlı yazdıqlarım uzun müddətli araşdırmanın nəticəsidir. Ardından məhkəməyə aparıldım. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə ittiham edildim və hakim məni təqsirli bilərək 500 manat cərimə etdi", - deyə jurnalist qeyd edib.

Jurnalistin cərimələnməsinə reaksiya verən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, Səxavət Məmmədin araşdırma yazısına görə prokurorluğa çağırılması və sonra məhkəməyə aparılıb İnzibati Xətalar Məcəlləsinin 388-1- ci maddəsi ilə cazalandırılması ifadə azadlığını zorlamaqdır.

Onun sözlərinə görə, yeni "Media haqqında" qanun layihəsini tərifləyənlər nəzərə alsın ki, bu 388-ci maddə təriflədikləri layihənin 15-ci maddəsinə məhz jurnalistləri cəzalandırmaq üçün "bəh-bəhlə" yerləşdirilib.

"Media Qanunu layihəsi qəbul olmadan prokurorluq artıq bunu əlində bayraq edib, heç bir məhkəmə araşdırması aparmadan, jurnalisti cəzalandırmaq üçün məhkəməyə zəruri "göstərişini" verib və dərhal yazının analizi aparılmadan, onun hansı hüquqa zidd olduğu, hansı sirri yaydığı müəyyən olunmadan cəzalandırılıb. Budur Yeni Media Qanunun ilk tətbiqi- qüvvəyə minməmiş, imzalanmamış. Əsərinizlə fəxr edin!", - deyə Ələsgər Məmmədli qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun