Avropa Şurası Nazirlər Komitəsi Türkiyəyə Osman Kavalanın buraxılması üçün 19 yanvara qədər vaxt verib

Avropa Şurası Nazirlər Komitəsi Türkiyəyə Osman Kavalanın buraxılması üçün 19 yanvara qədər vaxt verib
3 Dekabr 2021
Mətni dəyiş

Avropa Şurası Nazirlər Komitəsi "Kavala Türkiyəyə qarşı" qərarının icrası üçün Türkiyəyə yanvarın 19-dək vaxt verib.

Bu barədə qurumun saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyə həmin tarixə qədər "Kavala qərarı"nı necə icra edəcəyi barədə plan təqdim etməlidir.

Həmin qərarda O. Kavalanın "Eynulla Fətullayev Azərbaycana qarşı" işində olduğu kimi dərhal azad edilməsi istənilir. Yanvarın 17-də Türkiyədə Kavalanın növbəti məhkəmə prosesi keçirilməlidir.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, AŞ NK hazırda qərarın icrasına, "İlqar Məmmədov Azərbaycana qarşı" işində olduğu kimi Konvensiyanın 46.4-cü maddəsinin (AİHM qərarlarının icrasının məcburiliyi öhdəliyi) tətbiqi işığında nəzarət edir. Yanvarın 19-dək vaxt verilməsi, Türkiyənin AŞ üzvlüyünün müzakirəsinə aparan yolda son mərhələdir.

Onun sözlərinə görə, həmin vaxtadək Kavala azad edilməlidir, edilərsə, AŞ üzvlüyündən çıxarılma proseduru dayandırılmalıdır. Azad edilməzsə, böyük ehtimalla, AŞ NK üzvlük məsələsi ilə bağlı rəy üçün AİHM-ə sorğu göndərəcək.

Avropa Şurası Nazirlər Komitəsi növbəti dəfə fevralın 2-də toplanacaq.

Osman Kavala Gəzi Parkı hadisələri, "Fətullahçı Terror Təşkilatının" (FETÖ) 17-25 dekabr sui-qəsdləri və 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 2017-ci il noyabrın 1-də həbs edilib. O, "Gəzi" terror təşkilatının meneceri və təşkilatçısı olmaqda ittiham olunub. Kavala 2019-cu ildə keçirilən məhkəmədə verilən ittihamlardan bəraət qazanıb, amma sərbəst buraxıldıqdan dərhal sonra yenidən həbs edilib və bu dəfə onun işi çevriliş cəhdilə əlaqədar başqa ittihamlarla birləşdirilib. Sonda məhkəmənin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun