Türkiyədə oktyabrda kişilər tərəfindən 18 qadın öldürülüb, naməlum şəraitdə öldürülən 19 qadının isə cəsədi tapılıb.
Bu barədə "Qadın Cinayətlərini Dayandıracağıq Platforması" hesabat yayıb. Platformanın oktyabr ayına olan hesabatında qeyd olunub ki, qətlə yetirilən 18 qadının 12-sinin hansı səbəblərdən öldürüldüyü məlum deyil.
Öldürülən qadınların 6-sı boşanmaq istədiklərinə, barışmaq istəmədiklərinə və münasibət təklifini rədd etdiklərinə görə qətl ediliblər. Oktyabrda qətlə yetirilən 18 qadından 11-i əri, 3-ü partnyoru, 1-i oğlu, 1-i keçmiş həyat yoldaşı, 1-i isə qohumu tərəfindən öldürülüb.
Qadınlardan 13-ü evdə, 2-si avtomobildə, 1-i küçənin ortasında, 1-i iş yerində, 1-i hüquq şöbəsində qətlə yetirilib. Rəqəmlərdən o nəticəyə gəlmək olur ki, bu ay öldürülən qadınların 72 faizi öz evlərində öldürülüb.
Öldürülən qadınların 10-u odlu silahla, 4-ü kəsici alətlə, 2-si döyülərək, 1-i suda boğularaq, 1-i isə başına daşla vurularaq öldürülüb.
"Bianet"-in yerli mətbuatda gedən məlumatlara istinad edərək hazırladığı hesabata görə, Türkiyədə kişilər oktyabrda ən azı 22 qadını öldürüb, 9 qadına təcavüz edib. Son məlumatlara görə, ilin ilk 10 ayında kişilər tərəfindən öldürülən qadınların sayı 256-ya yüksəlib.