Korrupsiyaya qarşı beynəlxalq Transparency International təşkilatı noyabrın 16-da özünün 2020-ci il üçün
Government Defence Integrity (GDI) adlanan hesabatını açıqlayıb.
Bu hesabatda dünya ölkələrinin müdafiə təsisatlarındakı korrupsiya riski qiymətləndirilib.
Transparency International təşkilatının Defence & Security qolunun hesabatında deyilir ki, müdafiə və təhlükəsizlik sektorlarında korrupsiya ölkələrin özünümüdafiə qabiliyyətini azaldır, habelə ictimai təsisatları zəif salır.
Hesabatda qeyd olunur ki, ölkələrin müdafiə təsisatları və onların maliyyə fəaliyyətləri şəffaf olmalıdır.
Hesabatda müxtəlif ölkələr üzrə korrupsiya riski olan 5 kateqoriya nəzərdən keçirilib.
2020-ci ilin GDI hesabatı 90 ölkəni əhatə edir və bu ölkələr üzrə məlumatlar 2019-cu ilin oktyabrı ilə 2021-ci ilin noyabrı arasındakı müddəti əhatə edir.
Bu da qeyd olunur ki, ayrılıqda hər bir ölkə üzrə hesabat təşkilatın kiçik yerli komandaları tərəfindən tərtib edilib.
6 risk qrupu
GDI hesabatında əsas etibarı ilə 5 risk sferası araşdırılıb. Bunlar
maliyyə, əməliyyat, heyət, siyasi və
təchizat sferalarıdır.
Başqa sözlərlə bu beş sahədə mövcud olan korrupsiya riskləri qiymətləndirilir və hər bir ölkə üzrə yekun nəticə çıxarılır.
Daha sonra bu nəticələrə əsasən ölkələr korrupsiya riskinə görə -
çox aşağı, aşağı, orta, yüksək, çox yüksək və kritik olaraq 6 kateqoriya üzrə təsnif edilir.
Son hesabatda müdafiə təsisatlarında korrupsiya riski
çox aşağı olan kateqoriyaya yalnız bir ölkə - Yeni Zelandiya daxil edilib.
Əsas Qərb və Avropa ölkələri əsasən sonrakı iki kateqoriyada –
aşağı və
orta risk qruplarında yerləşdirilib.
Rusiya, Ukrayna, Ermənistan, Macarıstan, Yunanıstan kimi ölkələr müdafiə sistemlərində korrupsiya riski
yüksək olan qrupa salınıb.
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri daha bir neçə başqa ölkələrlə birlikdə korrupsiya riski “
çox yüksək” olan kateqoriyaya daxil edilib.
Azərbaycan və
İran müdafiə təsisatlarında korrupsiya riskləri “kritik” olan ölkələr qrupuna salınıblar.
Bu qrupda
Venesuela, Səudiyyə Ərəbistanı, İraq və
Qətər kimi ölkələr var.
Millət vəkillərinin çoxu sirr bilmək istəmir
Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, ölkədə müdafiənin idarə edilməsi mexanizmləri zəif, korrupsiya riskləri isə son dərəcə yüksəkdir.
Bu da qeyd olunur ki, ölkədə siyasi plüralizm mövcud deyil və müxalifət partiyalarının hakimiyyətə seçki yolu ilə gəlmək şansı yoxdur.
Hesabatda deyilir ki, 2020-ci ilin parlament seçkisi kütləvi pozuntularla müşayiət olunub və yalnız bir müxalifətçi deputat seçilə bilib.
Bu da qeyd olunur ki, qanunvericilik orqanında müxalifətin yoxluğu parlamentin icra hakimiyyəti və müdafiə təsisatları üzərində nəzarətini qeyri-mümkün edir.
Bildirilir ki, Konstitusiya parlamentə silahlı qüvvələrə nəzarət hüququ versə də, 2017-ci ilin Silahlı Qüvvələr qanununda parlamentin adı nəzarətçi qurumlar arasında çəkilmir.
Hesabatda deyilir ki, hərbi məsələlər hətta parlamentdən də məxfi saxlanır və burada müzakirə olunmur.
Bu da vurğulanır ki, parlamentin bu sahədə nəzarətə malik olmasını bir çox millət vəkillərinin özləri də istəmir, məxfiliyin daha mühüm olduğunu bildirirlər.
Hesabatda deyilir ki, bu, icra hakimiyyətinə parlamentdən istənilən qanunu keçirmək imkanı verir.
Bu da vurğulanır ki, 2007-ci ildə daxili audit barədə qanunun qəbul olunmasına baxmayaraq, Müdafiə Nazirliyində hər hansı auditin olmasını göstərən əlamətlər yoxdur.