Taliban qadınların çəkildiyi serial və filmlərin televiziyada nümayişini qadağan edib

Taliban qadınların çəkildiyi serial və filmlərin televiziyada nümayişini qadağan edib
22 Noyabr 2021
Mətni dəyiş
Əfqanıstanda Taliban hökuməti qadınların televiziyada görünməsini məhdudlaşdıran yeni qaydalar elan edib. Beləliklə, qadın aktyorların yer aldığı serial, film, tamaşalar televiziyada göstərilməyəcək. Digər tərəfdən, qadın jurnalistlər və aparıcılar kamera qarşısına keçərkən hicab taxmalı olacaqlar. Lakin qaydalarda hansı növ çadranın tələb olunduğu kimi detallar yer almayıb. Ölkədəki jurnalistlər deyirlər ki, yeni qaydaların bəziləri qeyri-müəyyəndir və şərhə açıqdır. Əfqanıstan televiziya kanalları tərəfindən də elan edilmiş qaydalarda səkkiz yeni maddə var. Qaydalara həmçinin şəriət qanunlarını və “Əfqan dəyərlərini” pozduğu hesab edilən filmlərin, habelə “kişi bədəninin özəl hissələrini göstərən” şəkillərin qadağan edilməsi də daxildir. Dini və ya əfqanları təhqir edən komediya və əyləncə proqramları da qadağan ediləcək. Taliban həmçinin "xarici mədəni dəyərləri" vurğulayan əcnəbi filmlərin nümayişinə qarşı sərt qaydalar qəbul edir. İndiyədək Əfqanıstan televiziyasında əsasən qadın personajların başçılıq etdiyi xarici seriallar göstərilirdi. Əfqan jurnalistləri təmsil edən həmkarlar ittifaqının üzvü Hocatullah Mucaddedi deyib ki, yeni məhdudiyyətlər gözlənilməz olub. BBC-yə danışan Mucaddedi bəzi qaydaların işlək olmadığını və həyata keçirildiyi təqdirdə kanalların bağlanmasına səbəb olacağını söyləyib. Avqustun 15-də Taliban Kabili və ümumiyyətlə ölkədə idarəetməni ələ keçirdikdən sonra bir çox əsas məsələlərə, xüsusən də qadınların təhsilinə məhdudiyyətlər qoyulub. Taliban iddia edirdi ki, onlar qadınların təhsil almasına və ya işlə təmin olunmasına mane olmayacaqlar. Lakin qruplaşma daha sonra ictimai səhiyyə işçisi olmayan bütün qadınlara küçələrdə təhlükəsiz təmin edilənədək işə getməmələrini söyləyib. Universitetlərdə də qadın və kişilərin birlikdə təhsil alması qadağan edilib, birgə təhsilə son qoyulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun