17 Noyabr 2021
Mətni dəyiş
Həyatımda sadəcə bir dəfə meditasiya yolu ilə düşüncələrimin dərinliklərinə, keçmişə, olmaq istədiyim yerlərə səyahət etmişəm. Mənim üçün bu, yeni təcrübə idi. Bir az qorxuducu, ağrılı olsa da, beyin gücünün köməyi ilə yaddaşdakı informasiyanı bir-bir vərəqləmək, xüsusi xatirəsi olan anları yada salmaq, ya da heç olmadığın yerə səyahət etmək insana zövq verir.
Əslində, bu bacarıq hamıda var, sadəcə kəşf etmək lazımdır.
Bu kəşf məndə tamamilə təsadüfi oldu. Özümü dinlədiyim musiqinin qucağına atdım. Ruhun bədəndən çıxışını, xəyalda gördüklərimə cismən reaksiyalarımı hiss edirdim. Yeni təcrübələrə qarşı bir az qorxum var, həmişə həyatımın stabil olmasını istəmişəm. Buna görə də, qərəzli beynim bu səyahəti istəmirdi, amma mən istəyirdim. Beynimin səsini blok edib, səyahətə başladım.
Fiziki olaraq uzanmış vəziyyətdə gözlərimi yumsam da, hər şeyi görür və hərəkət edirdim. Ölmədiyimdən əmin olmaq üçün gözümü açırdım, hər dəfə gözümü açıb, real dünyaya qayıdanda və yenidən yumub, səyahətə davam etdikdə, bədənimdə ağrı hiss edirdim. Öncə ruhun səyahətə başladığı an nəfəsin kəsilir, daha sonra gözlərini açıb, yenidən real dünyaya qayıdanda, bir neçə saniyə heç nə görmürsən və böyük bir ağırlığın bütün bədəninə eyni anda yayıldığını hiss edirsən. Səyahətə geri döndükdə yenidən bir anlıq nəfəsim kəsilirdi, amma sadəcə bir anlıq. Sonra yenidən gəzir, baş verənlərə cismən reaksiya verir, bəzən gülümsəyirdim. Bütün bunların fərqində idim, çünki qorxurdum, beynimin bir hissəsini oyaq saxlamağa çalışırdım ki, dünyadan tamamilə qopmayım. Ölmək istəmirdim...
Mədənlərdə yük daşımaq üçün istifadə edilən kiçik qatarın içində hiss edirdim özümü. Məni bu qatar gəzdirirdi. Gəzdiyim yerlər müxtəlif idi; qaranlıq tunellərdən tutmuş, tropik çimərliklərə qədər. Bəzən harasa dəydiyimi, ya da təkərin altında xırda daş parçasının qaldığını hiss edirdim. Kiçik sarsıntı nəticəsində ruhən səyahətdə olsam da, bədənim o anda reaksiya verir, əl və ayağım tərpənirdi.
Beynimdəki gəzinti məni tam içinə çəkmişdi, deyilənləri eşitmir, ətrafdakı hadisələrlə əlaqəm tamamilə kəsilmişdi. Bir anlıq musiqini tamamilə unutduğumun fərqinə vardım. Həmin an gözümdə sadəcə musiqinin ahənginə uyğun hərəkət edən rənglər, şüalar var idi. Ritm qalxdıqca onlar coşur, daha da qızışır, azaldıqca isə bunun əksi baş verirdi. Bir müddət bu davam edəndən sonra yerini əvvəlki gəzintiyə verir, qaldığı yerdən davam edirdi. Bu hadisədən sonra, insan beyninin gücünə, şüuraltı səyahətlərə inamım artdı. Sonralar bunu bir neçə dəfə sınasam da, təəssüf ki, alınmadı.
Bu xəyali səyahətim evimin balkonunda baş vermişdi. Qış parkının tam kənarında yerləşən binanın beşinci mərtəbəsində yaşayıram. Bura çox xırda, orta təmirli bir mənzildir. Bir otaq, mətbəx və sanitar qovşağından ibarətdir. Otağın tikiliş tərzinə baxanda bilmək olar ki, otağını yarısı boyda olan böyük balkon sonradan otağa daxil edilib və keçid böyük “arkadan” sonra gəlir. Buranın böyük pəncərəsi var. Əlavə olaraq, hündür bitkilər, banan ağacı, bir neçə rəsm əsəri, iki kreslo və kiçik masa burada öz varlıqlarını səssiscə davam etdirirlər. Yuxarıdan asılan dibçəklər və onlardan sallanan cürbəcür yarpaqlı bitkilər balkona ayrı bir rəng qatır. Evin bu hissəsi çox funksionaldır; film izləmək, yemək, pəncərədən səs-küylü küçəyə baxmaq, hətta yazı yazmaq üçün çox rahat məkandır. Görünür, evin bu hissəsindən çox xoşum gəlməyinin səbəbi bütün bunlardır. Bura mənim üçün idealdır; özümü burada daha yaxşı hiss edirəm, rəsm çəkirəm, stressdən yaxa qurtarıram, düşünə bilirəm, yarada bilirəm. Balkonda baş tutan səyahətimdən sonra da bura lap çox bağlandım.
Günlərin birində iştirak etdiyim təlimdən “məkanın təsviri” adlı bir tapşırıq aldım. Çox düşünmədən, tapşırığı burda yazmaq qərarına gəldim. Buxur yandırıb, meditasiya etməyə başladım. Əsas məqsədim beynimdə olan keçmiş informasinı xatırlamaq, mənə doğma olan məkanı yadıma salıb, yazıya başlamaqdı. İstənilən şey - doğma məkanımın təsviri idi. Məndə çoxlu xatirələri olan məkanın yaşadığım evlər arasında olduğuna əmin idim. Özümü təhlükəsiz hiss etdiyimi və doğrudan da təhlükəsizlikdə olduğum məkan təkcə evim ola bilərdi.
Keçmişi düşünməyə başladım, gerçəklikdən uzaqlaşıb, özümü beynimdəki informasiyaların içinə atdım və alındı. Dünyadan bir anlığına qopdum, son evimdən doğulduğum yerə gedib, oraları xatırlamağa cəhd etdim. Yavaş-yavaş alındığını hiss edirdim. Bundan əvvəlki evim yaxşı yadımdadır. Yeniyetmə və ilk gənclik yaşlarım burada keçmişdi. Böyük ev idi: üç yataq otağı, iki mətbəxi, iki sanitar qovşağı, bir oyun otağı, hətta bar otağı belə var idi. Ailəm balacadır, mən, qardaşım və valideynlərim. Bura ilk ev idi ki, hər kəsin ayrı otağı var idi. Mənimlə qardaşımın otağı yan-yana, mansardda yerləşirdi. Öz zövqümə uyğun hazırlamışdım otağı; kreativ formada bir rəf, sadə bir divar kağızı və alçaq yatağı var idi. Az əşyalı idi deyə, çox geniş idi, belə daha çox xoşuma gəlirdi.
Həyatımda yaşadığım bir çox “ilk”lər bu otaqda baş vermişdi. Məsələn, ilk ev heyvanımı bu otaqda saxlayırdım, rəsm çəkməyə burda başlamışdım. Hətta ilk sevgim və ondan geriyə qalan mənəvi narahatlığı bu otaqda yaşamışdım. Özümü bu otaqda dərk etmişdim. Həyatdakı rolumu, nə olmaq istədiyimi, doğruyla yanlışın əslində nə olduğunu, düşüncə xətalarımı məhz bu məkanda özümə aydınlaşdırmışdım. Məndə yeri çox əzizdir. Amma bura, istədiyim yer deyildi. Bir az da keçmişə qayıtmaq qərarı verdim.
Daha sonrakı evi xatırlamaqda da çox çətinlik çəkmədim. Darvazadan sonrakı uzun, nazik cığır səni daha geniş bir həyətə aparırdı. Sol tərəfdə ikimərtəbəli qırmızı tikili bizim evimiz idi. Uzun, ensiz dəhliz müxtəlif otaqları birləşdirirdi. Evə saniyələr içində bir çox kadrdan baxa bilirdim; yuxarıdan, sağdan, soldan...
Dəhliz sonunda səni sanitar qovşağı qarşılayır. Sağdan ilk qapı qonaq otağına, ikinci qapı valideynlərimin yataq otağına açılırdı. Soldan birinci qapı mətbəxə, ikinci qapı isə mənimlə qardaşımın yataq otağına giriş idi. Bir anlığa yadıma qışda dəhlizin ortasındakı sobanın yanında büzüşüb, oturduğum günlər düşdü. Bu kiçik, qeyri-ixtiyari gülümsəmə ilə beynim əzələ hərəkətini hiss edib, bir az ayıldı. Bununla da mən, özümdən asılı olmayan bədən reaksiyalarımı hiss etdim. Çox qəribə hissdir...
Öz otağımda etdiklərimi xatırlamaqda əziyyət çəkdim. Heç bir xüsusi xatirəm yadıma düşmədi. Nənəmi bu evdə itirmişdim. Onun son nəfəsində qardaşımı çağırması məndə dərin yara buraxmışdı. Bəlkə də sevilən nəvə deyildim. Məni başqalarının təkidi ilə daha sonra yanına çağırdı. Amma mənim üçün bu, istəkli çağırışa oxşamadı. Mənim onu öpməyim də başqalarının təkidi ilə oldu.
Yeni İl qabağı bütün evi bəzəyirdim. Bitkilərə qulluğu sevdiyimi bu evdə kəşf etmişdim. Xatırladığım sadəcə belə, bir neçə soyuq, çox əhəmiyyət kəsb etməyən görüntülər idi. Bura 9-10 yaşım olanda köçmüşdük. Maşının arxa şüşəsindən yola baxırdım, bir kadrı isə çox dəqiq yadımdadır. Oyuncaqlarım köçərkən məndən xəbərsiz qonşulara paylanılmışdı. Bəlkə də baxdığım yol onlardan ayrıldığım hər saniyənin məsafələri daha da genişləndirdiyini bilirdim. Hiss edirdim ki, yeni həyata başlayacağıq. Daha böyük ev, üstəlik həyət, məktəbdən uzaqlığım, dostlarımdan ayrı düşməyim, hətta, pambıq satan kişini bir də görə bilməyəcəyimi güman edirdim. Hələ də ibtidai sinif uşağı olmağıma baxmayaraq, məktəbə avtobusla tək gedib gəlirdim. Uşaqlığım o evdə qalmışdı. Bunları düşünəndə artıq o evə səyahətin vaxtı çatmışdı. Amma qorxurdum. Çünki xatırlamadığımı hiss edib, panikaya düşdüm. Amma təmkinli olub, öhdəsindən gəldim. Artıq evə girirdim.
Ev köhnə binanın üçüncü mərtəbəsində idi. Dəhlizin sağında mətbəxə gedən yol, sonunda isə böyük otaq vardı. Xatırladığım şeylər çox az di. Hətta evin bəzi yerlərini unutmuşdum. Bir dəfə anam mənə məktəbdə yeməyim üçün sevmədiyim şey hazırlamışdı. Çörəyin arasında qaynadılmış yumurta. Onu məktəbdə yeməyib, evə gətirib mətbəx dolabının altına atmışdım. İki həftə sonra anam onu iyindən tapıb, məni danladı.
Bir dəfə də televizorda uşaqların xəmir boyayıb, formalara kəsməyini gördüm. Elə həmin gün anamla nənəm xəmir açmışdılar. Gecəni gözlədim. Bu fürsəti əldən verməyib, xəmirləri boyayaraq müxtəlif şəkildə kəsəcəkdim. Artıq qalan xəmirləri boyadım, amma yaxşı alınmadı, məyus oldum, nənəm də əlimdən alıb “günahdır” demiş, sonda məni məxbətdən çıxarıb, zorla yatmağa aparmışdı. Səyahətdə bunları yaşadığım an mətbəxi xatırlamağı bacardım.
Altı yaşımı tamamladığım ad günü gözümün önünə gəldi. Hər kəs tort yeyib, əyləndiyi vaxt anamın qab yuduğunu gördüm. O vaxt mətbəx çox balaca olduğundan, o, qabları hamamda yuyurdu. Əyilərək duş şlanqını onlarla yağlı, çirkli qabların üstünə tutmuş, onları bir-bir yuyub, kənara yığan anamı görəndə, təsirlənmişdim. Bu mənzərəni görəndə əsl mahiyyətini, tam mənasını bəlkə də anlamamışdım, amma nədənsə heç vaxt silinməyəcək bir şəkildə beynimin dərinliklərinə yazmışdım. O səhnə ömrümün sonuna qədər yadımdan çıxmayacaq. Yan otaqdan eşidilən şən səsləsi eşidən, bir dəstə insanın orda şənləndiyini bilən birinin istəyərək qab-qaşıq yuduğuna inanmıram. Bunu edəcək bir insan varsa, o da anadır. Nə vaxt anama hirslənsəm, qışqırsam, onun hamamda əyilərək duş şlanqı ilə çirkli qabları yuması gözlərimin qabağına gəlir və dayanıram. Bəlkə anam bunu bilməyəcək, ona desəm də başa düşməyəcək, amma mən anamı həmin gün sevdim...
Bütün bunlara baxmayaraq, əmin oldum ki, təsvir edəcək məkan bura da deyil. O məkanı tapmaq üçün beynimin daha dərin, qaranlıq yerlərinə doğru enməyə başladım, səyahət çətinləşirdi, qorxum artmışdı. Daha əvvəlki evi xatırlaya bilmədim. Sadəcə çox xırda bir-iki bulanıq görüntülər var, vəssalam. Elə bu anda qulaqlığın enerjisi bitdi və musiqi dayandı. Mən bu uzun səyahətdən ildırım sürətiylə geri qayıtdım. Çox məyus oldum. Ayağa qalxıb digər qulaqlığımı axtarmağa başladım. Bu axtarış uzun çəkəndə başa düşdüm ki, qaldığım yerdən səyahətimə davam edə bilməyəcəm. Heyfisləndiyim vaxt ətrafa baxdım və bu səhayəti balkonumda etdiyimi gördüm. Bəlkə də mənə ən doğma olan yer elə buradır.
Mənim indi yaşadığım məkan sevildiyimi hiss etdiyim, doğma, əziz, rahat məkan elə bura imiş, mənsə onu keşmişdə axtarırmışam...
Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə həyata keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb