Rusiya prezidenti Vladimir Putin noyabrın 18-də Rusiya Xarici İşlər Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginlikdən danışıb.
Putin bildirib ki, Ermənistan-Azərbaycan sərhədindəki hadisələr göstərir ki, regionda vəziyyət sakitləşməyib və Rusiya sülhməramlı kontingentinin regionda stabilliyin qarantı kimi iştirakı tələb olunur.
Onun sözlərinə görə, bir il bundan əvvəl Rusiya Federasiyasının fəal vasitəçilik səyləri ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində baş vermiş atışmalar göstərib ki, regionda vəziyyət hələ tam sakitləşməyib.
"Stabilliyin təmin edilməsi üçün atəşkəs rejiminin və dinc əhalinin təhlükəsizliyinin qarantı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə son dərəcə ehtiyac var", - deyə Rusiya prezidenti bildirib.
Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş verdiyi bildirilən toqquşmalarda 7 Azərbaycan hərbçisi, 6 ermənistanlı hərbçi öldürülüb. Ermənistan 13 hərbçisinin əsir götürüldüyünü, 24-nün taleyinin bəlli olmadığını bildirib.