1 Noyabr 2021
Mətni dəyiş
Taliban rəsmiləri öldüyü iddia edilən Taliban lideri Hibətullah Axundzadənin Qəndəharda keçirilən tədbirə qatıldığını bildirib.
“Möminlərin komandiri Şeyx Hibətullah Axundzadə məşhur Həkimiyyə mədrəsəsində keçirilən yığıncaqda çıxış edərək igid əsgər və müridlərlə on dəqiqəlik söhbət etdi”, Talibanın verdiyi açıqlamada deyilib.
Yerli mənbənin bildirdiyinə görə, Axundzadə şənbə günü axşam Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində yerləşən mədrəsəyə yüksək təhlükəsizliklə təmin olunmuş iki avtomobil karvanı ilə gəlib və onun şəklini çəkməyə icazə verilməyib.
Dini və siyasi lider Axundzadə 2016-cı ildə bu vəzifəyə gəldikdən sonra heç vaxt ictimaiyyət qarşısına çıxmayıb.
Uzun müddət Taliban rəsmiləri Axundzadənin harada olması barədə susublar. Ötən ilin sentyabrında verilən açıqlamada dini liderin əvvəldən Qəndəharda olduğu və tezliklə ictimaiyyət qarşısına çıxacağı bildirilmişdi.
2016-cı ildə Pakistanda sələfi Əxtar Mənsurun ABŞ tərəfindən öldürülməsindən sonra vəzifəyə gələn Axundzadə hərbi manevrlərdən daha çox məhkəmə və dini məsələlərlə maraqlanır.
Axundzadənin “gözəgörünməzliyi” haqqında vaxtaşırı dünyasını dəyişməsi iddialarına əsas verir.