1 Noyabr 2021
Mətni dəyiş
Vladimir Putin və Co Baydenin iyun ayında iki ölkənin prezidentləri kimi Cenevrədə keçirilən sammitdə ilk dəfə görüşməsindən sonra, ABŞ və Rusiya müxtəlif mövzularda bir sıra “gizli razılaşmalar” əldə ediblər. Bu barədə The New York Times qəzeti yazıb.
Nəşrin mənbələrinə görə, ABŞ və Rusiya arasında “silsilə təmaslar” baş tutub: Co Bayden administrasiyasının yüksək rütbəli rəsmiləri üç dəfə Moskvaya gəlib, Finlandiya və İsveçrədə də neytral ərazidə görüşlər keçirilib.
Bundan əlavə, ABŞ “Amerikaya hücumda” şübhəli bilinən hakerlərin adlarını Rusiyaya verib. Adı açıqlanmayan məmurun sözlərinə görə, Birləşmiş Ştatlar bunun həbslərə səbəb olub-olmayacağına baxmaq üçün gözləyir və Vladimir Putinin kibercinayətkarlıqla mübarizəyə kömək edəcəyini deyəndə ciddi olub-olmadığını yoxlamaq istəyir.
Həmçinin, qəzet bildirir ki, Moskva ilə Vaşinqton arasında silahlara nəzarətlə bağlı “son illərin ən dərin” danışıqları davam edir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Enn Nyuberger Rusiya rəhbərliyindəki həmkarı ilə bir neçə gizli virtual görüşlər keçirib.
Rusiya və ABŞ rəsmiləri danışıqların hələ də əhəmiyyətli nəticə vermədiyini, lakin iki ölkə arasındakı təmasların “Rusiya-Amerika gərginliyini” nəzarətdə saxlamağa kömək etdiyini deyirlər.