Gələn ildən başlayaraq Malayziyada birja şirkətlərində idarə heyətinin ən azı bir üzvünün qadın olması tələb olunacaq.
Ölkənin maliyyə naziri Tengku Zafrul Əbdül Əziz cümə günü parlamentdə gələn ilin büdcəsini açıqlayarkən bildirib ki, 250-ə yaxın şirkətin, yəni Malayziya birjasında olan şirkətlərin təxminən dörddə birinin idarə heyətində hələ də qadın yoxdur.
Nazir bildirib ki, bu qərar qadınların qərarların qəbul edilməsində müsbət rolunu qiymətləndirməyi və idarəçilik fəaliyyətlərinə töhfə verməyi hədəfləyir.
Qərar hazırda fəaliyyət göstərən iri şirkətlər üçün 2022-ci ilin sentyabrından, daha kiçik şirkətlər üçünsə 2023-cü ilin iyulundan qüvvəyə minəcək.
Şirkətlərin idarə heyətlərində qadınlar üçün kvota müəyyən etmək Qərb ölkələrində adi təcrübə olsa da, Asiya ölkələrində nadir haldır.
Bu günə qədər bu praktika Qərb ölkələrindən başqa ancaq Hindistanda olub.