"Müdafiə Xətti" hüquq müdafiə təşkilatı ölkə başçısına müraciət edib.
Müraciət hazırda həbsxanada acılıq aksiyası keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Birinci Qarabağ müharibəsi iştirakçısı Saleh Rüstəmovla bağlıdır. Bu barədə "Müdafiə Xətti"ndən məlumat verilib.
Təşkilat Saleh Rüstəmovun səhhətindən narahat olduğunu ifadə edir: ""Müdafiə Xətti" hüquq müdafiə təşkilatı olaraq ölkə vətəndaşlarının əqidəsindən, sözündən, fikrindən, partiyalara, ictimai birliklərə və s. mənsubiyyətindən asılı olaraq qanunvericilik qarşısında mövqe tutmasından, insanların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək imkanının olmamasından, demokratik quruluşa təminat verilməməsindən, vətəndaşa dayanan cəmiyyətin formalaşmamasından, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğuna səy göstərilməməsindən, sifarişli, saxta motivlərlə, qurama əsaslarla inzibati, ya da cinayət təqiblərinin həyata keçirilməsindən, siyasi ağırlıqlı mühakimələrin səngiməməsindən, siyasi məhbus probleminin köklü surətdə aradan qaldırılmamasından, insan hüquqları sahəsində ixtisaslaşmış yerli və beynəlxalq təsisatların siyasi və vicdan məhbusu kimi tanıdığı onlarla şəxsin cəmiyyətdən təcrid olunmasından dərin narahatıq".
"Cənab Prezident, "Müdafiə Xətti" hüquq müdafiə təşkilatı Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, 1-ci Qarabağ müharibəsində xüsusi fərqlənən və Azərbaycanın müasir hərb tarixinə ən uğurlu əməliyyatlardan biri kimi düşmüş Başkənd əməliyyatının rəhbəri Saleh Rüstəmovun 2018-ci ilin may ayında qondarma ittihamlar əsasında şübhəli şəxs qismində tutulub ağır işgəncələrə məruz qalmasına, siyasi sifarişlə Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci, 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə təqsirləndirilib mühakimə edilməsinə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasına, bu illər ərzidnə 13 saylı cəzaçəkmə müəssisəsində aşkar ayrıseçkiçilik zəminində təqib və təzyiqlər altında saxlanmasına və qeyd edilən qanunazidd, qeyri-hüquqi hərəkətlərə etiraz rəmzi olaraq artıq 7-ci gündür ki, keçirdiyi aclıq aksiyasına, əgər haqlı tələbləri təmin edilməzsə, ölüm aclığına başlayacağına diqqətinizi cəlb edir.
Müdafiə Xətti hüquq müdafiə təşkilatı əminliklə bildirir ki, Saleh Rüstəmov cəza təhdidi altında qadağan olunmuş hansısa ictimai təhlükəli əməl, hər hansı təqsir doğuracaq hərəkət sahibi deyil, cəmiyyətdə, xüsusilə, hüquq ictimaiyyətində şübhə doğurmur ki, o, Rusiya Federasiyasında qurduğu kiçik biznesindən əldə etdiyi leqal gəlirlərdən partiyadaşlarına, eləcə də siyasi məhbuslara və ailələrinə maddi yardım ayırdığına görə cinayət təqibinə məruz qalaraq qanunsuz surətdə cəzalandırılıb.
Müdafiə Xətti hüquq müdafiə təşkilatı olaraq Sizdən xahiş edirik: Saleh Rüstəmovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində davam etdirdiyi aclıq aksiyasına diqqət göstərib, haqlı tələblərinin baxılmasına göstəriş verəsiniz, əks təqdirdə, nə qədər arzuolunmaz olsa da o, ölüm aclığının keçirilməsində qərarlıdır ki, bunun da faciəvi sonluqla bitməsi tamamilə mümkündür", - deyə müraciətdə qeyd olunur.
Qarabağ döyüşçüsü olmuş Saleh Rüstəmli 1998-ci ildən ailəsilə birlikdə Rusiyada yaşayıb.
2018-ci ilin mayında yaxınlarını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb.
Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb.
İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.
Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.
Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmli bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib.
Məhkəmənin hökmündə Saleh Rüstəmlinin yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.
Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.
AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.