“44 günlük müharibə nəticəsində 40 min insan evini və əmlakını itirib, 17 min mülki obyekt və infrastruktur dağıdılıb, yüzlərlə dinc sakin ya öldürülüb, ya da yaralanıb, bir çoxlarının taleyi isə hələ də naməlum qalır”.
AzadlıqRadisunun Erməni Xidməti Azatutyun yazır ki, Ermənistan Xarici İşlər Nazirliyinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının birinci ildönümü günündə verdiyi bəyanatda belə deyilir.
Həmin bəyanatın qəbulu ilə Qarabağ münaqişə zonasında atəşkəs elan edilib və bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib.
Ermənistan XİN-in bəyanatında deyilir ki, yalnız 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsi regionda uzunmüddətli sülh və sabitlik üçün şərait yarada bilər.
Bəyanatda bildirilir ki, bu istiqamətdə “ilk növbədə humanitar problemlərin tənzimlənməsinə, o cümlədən bütün hərbi əsirlərin, girovların və başqa saxlananların qeyd-şərtsiz qaytarılmasına, itkin düşənlərin və zorakılıq nəticəsində yoxa çıxanların taleyinin müəyyənləşdirilməsinə, erməni mədəni və dini irsinin qorunmasına, habelə Dağlıq Qarabağ münaqişəsi tənzimləməsinin tam bərpa olunmasına” ehtiyac var.
Azatutyun yazır ki, Azərbaycan indiyədək 114 hərbi əsir və mülki şəxsi erməni tərəfinə qaytarıb. Erməni tərəfinin qeyri-rəsmi məlumatına görə Bakı həbsxanalarında hələ də onlarca erməni əsir saxlanır.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, onda olan bütün hərbi əsirləri qaytarıb və Azərbaycanda saxlananlar “terror” əməllərinə görə məhkum ediliblər.
Ermənistan XİN-in bəyantında deyilir ki, münaqişənin hərtərəfli və uzunmüddətli tənzimlənməsi yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində sülh danışıqları vasitəsilə mümkün ola bilər.
Bəyanatda izah olunur ki, bu isə “xalqların bərabərıliyi və öz müqəddəratını təyinetmə hüququ əsasında Artsaxın (Qarabağ-red) statusunun dəqiqləşdirilməsi, Artsax (Qarqabağ-red) ermənilərinin Qarabağın bütün ərazisindəki evlərinə qaytarılması və onların azad və ləyaqətli yaşamasının təmin olunması” deməkdir:
“Ermənistan regionda gərginliyin azaldılması, düşmənçilik ab-havasının tədricən aradan qaldırılması, stabilliyin bərqərar edilməsi və dinc inkişaf erasının başlanması üçün praktik səylər göstərməyə hazır olduğunu bildirir. Eyni zamanda bu prosesin effektivliyi üçün Azərbaycan konstruktiv mövqe tutmalı, özünün antierməni və aqressiv ritorikasından imtina etməlidir”.
Rəsmi Bakı bildirir ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün ən əsas məsələ iki tərəf arasında sülh müqaviləsinin imzalanmasıdır.
Azərbaycan bunu da bildirir ki, “Qarabağ məsələsi artıq bağlanıb və Qarabağ bundan sonra Azərbaycanın xarici siyasət gündəliyinin mövzusu yox, daxili məsələdir”.
Azatutyun yazır ki, noyabrın 9-da Qarabağ separatçılarının adından yayılmış bəyanatda münaqişə “Qarabağ-Azərbaycan münaqişəsi” adlandırılır və deyilir ki, “Artsax (Qarabağ-red) heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.