1 Noyabr 2021
Mətni dəyiş
Oktyabrın 30-31-də Romada keçirilən G20 Liderlərin Zirvəsi iqlim dəyişikliyi ilə mübarizə mövzusunda gözləntiləri doğrultmayıb. Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
“Mən G20-nin qlobal həllər tapmaq üzrə yenilənmiş öhdəliyini alqışlasam da, Romadan puç ümidlərlə ayrılıram. Amma heç olmasa onlar birdəfəlik dəfn olunmayıb”, - Quterreş tvitində yazıb.
G20 liderlərinin görüşünün nəticələri “Greenpeace İnternational” təşkilatının icraçı direktoru Cennifer Morqan tərəfindən də tənqid edilib.
“Əgər G20 Qlazqo iqlim konfransı üçün məşq idisə, dünya liderləri danışmağı unudublar. Onların kommünikesi ambisiya və uzaqgörənlikdən kənar zəif çıxış idi və sadəcə olaraq yersiz idi ", Morqan Bloomberg agentliyinə deyib.
Reuters-in məlumatına görə, sammitin yekunlarına dair kommünikedə G20 nümayəndələri, xüsusən, 21-ci əsrin ortalarına qədər qlobal karbon neytrallığına nail olmaq barədə razılığa gəliblər, lakin konkret tarix - 2050-ci ili qeyd etməyiblər. Bundan əlavə, onlar xaricdə kömür enerjisinin dövlət tərəfindən maliyyələşdirilməsini dayandırmağı öhdələrinə götürüblər, lakin onu ölkə daxilində mərhələli şəkildə dayandırmaq üçün hədəflər qoymayıblar. “Ümumiyyətlə, bu bəyannamə əsasən 2015-ci ildə qəbul edilmiş Paris iqlim sazişini təkrarlayır”, Reuters və Bloomberg yazır.
Oktyabrın 31-də Qlazqoda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasınının (COP26) Tərəflərinin 26-cı Konfransı açılıb. Burada 100-dən çox dövlət və hökumət başçısı iştirak edəcək.
Konfrans iştirakçılarının qlobal istiləşmə ilə mübarizədə Paris İqlim Sazişinin məlumatlarından fərqli olaraq yeni, daha sərt öhdəliklər götürmələri gözlənilir.
Böyük Britaniyanın baş naziri Boris Conson deyib ki, konfrans iqlim dəyişikliyi ilə mübarizədə "dünya üçün həqiqət anı" olmalıdır. "Bu gün hər kəsi bizim bu andan istifadə edəcəyimiz, yoxsa onu buraxacağımız sualı maraqlandırır" deyə Conson xəbərdarlıq edib.