Bakıda hazırda həbsxanada aclıq aksiyası keçirən Qarabağ qazisi, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçiriləcək.
Artıq sosial şəbəkələrdə etirazlarla bağlı event də yaradılıb. Aksiyanın təşkilatçıları keçmiş siyasi məhbus İlkin Rüstəmzadə və siyasi fəal Mete Türksoydur.
"Hakimiyyət, Saleh bəyi həbsxanada öldürməkdə israrlıdır. Saleh bəyin səhhəti kritikdir, o hər saat ölə bilər", - deyə təşkilatçılar qeyd edib.
Aksiya dekabrın 1-i, saat 15:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.
Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.
Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.
Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.
Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.
Saleh Rüstəmli qanunsuz həbsinə və Amnistiya Aktına düşmədiyinə görə 25 gündür aclıq aksiyası edir.