Noyabrın 19-da Ali Məhkəmənin Plenumu 2014-cü həbs edilən, bir neçə il həbsdən sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan NİDA-çıların şikayətinə baxacaq.
Bu barədə NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Zaur Qurbanlı məlumat yayıb. Hazırda Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsində təmsil olunan Zaur Qurbanlı bildirib ki, onların məhkəmədən gözləntiləri hüquqlarının tanınması və bəraət almalarıdır.
"Eyni zamanda, ədalətin bərqərar edilməsi prosesində biz Ali Məhkəmə Plenumundan onu da gözləyirik ki, daha əvvəl İlqar Məmmədov və Rəsul Cəfərovun işi ilə bağlı çıxarılmış qərar nəzərə alınsın və Avropa Şurası Nazirlər Komitəsinin öz qətnaməsi ilə presedent adlandırdığı metodla kompensasiyamızın ədalətli qaydada ödənilməsi təmin edilsin", - deyə Zaur Qurbanlı feysbuk hesabında qeyd edib.
2014-cü ildə NİDA Vətəndaş Hərəkatının üzvlərinə qarşı 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və hərəkatın üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar. Bu iş üzrə məhkəmə baxışından sonra qərar elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məhəmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.
Fəallar bir neçə il həbsdə qaldıqdan sonra müxtəlif illərdə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıblar.
Yerli instansiya məhkəmələrindən keçdikdən sonra Avropa Insan Haqları Məhkəməsinə (AİHM) müraciət edən fəalların hər birinin şikayəti təmin olunub. AİHM-nin qərarında göstərilib ki, bu şəxslərə kompensasiya və bəraət hökmü verilməlidir. Ancaq Azərbaycan hökuməti bu qərarı icra etməyib.
Qərar icra edilmədiyinə görə, iş Avropa Şurası Nazirlər Komitəsində nəzarətə götürülüb. "İlqar Məmmədov və başqaları" sərlöhvəsi adı altında baxılan işin adı İlqar Məmmədov və Rəsul Cəfərov bəraət hökmü və təzminat aldıqdan sonra dəyişib. AŞ Nazirlər Komitəsində "Anar Məmmədli və başqaları" sərlöhvəli işlə bağlı növbəti qərarını açıqlayan komitə qərarların icrası ilə bağlı Azərbaycan hökumətinə xəbərdarlıq edib.