“Azərbaycan hökumətinin gender əsaslı zorakılıq sahəsində gördüyü işləri təqdirəlayiq hesab edirik”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Lisenberger “Gender əsaslı zorakılıqla mübarizə üzrə ilkin yardım tərəflərinin 1-ci Milli Konfransı”nda çıxış edərkən deyib.
“Qadınlara qarşı zorakılıq onların birbaşa olaraq hüquqlarının pozulması deməkdir. Azərbaycanda təlimlər vasitəsilə gender əsaslı zorakılıq hallarının aradan qalxacağına ümid edirik”, - o bildirib.
Siyasi partiyalar və müstəqil ictimai fəallar isə Azərbaycan hökumətinin bu istiqamətdə heç bir iş görmədiyini deyir. Son illərdə Azərbaycan medialarında gender əsaslı zorakılıq halları ilə bağlı yüzlərlə xəbər yayılıb. Azərbaycan hələ də İstanbul Konvensiyasına qoşulmayıb.
Feminist Gülnarə Mehdiyeva isə bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, Azərbaycanda Konvensiyanın qəbulu üçün siyasi iradə yoxdur: “Sənədin imzalanmasını yuxarıdan istəsələr, cəmiyyətə də asanlıqla uyğunlaşdıra bilərlər. Siyasi iradə olmaqdıqca isə Konvensiyaya sadəcə imza atılaraq bir kənara qoyulacaq və digər qanunlar kimi bu da tətbiq olunmayacaq”.
Bu il avqustun 3-də Sevinc Məhərrəmovanın həyat yoldaşı Füzuli Qarayev tərəfindən qətlə yetirilməsi Azərbaycan cəmiyyətində qadın zorakılığı mövzusunu yenidən gündəmə gətirmişdi. Çünki təkcə həmin ay Azərbaycanda 10 qadın öldürülüb. Onlardan 6-sı ərləri tərəfindən, 2-si isə şəxsi münasibətlər zəminində qətlə yetirilib.