Yazar Zümrüd Yağmurun qızı Sənaya cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə məlumatı Zümrüd Yağmur yayıb. Bildirib ki, özü də bu gün istintaq idarəsinə dəvət olunub və ifadəsi alınıb.
Zümrüd Yağmur deyib ki, Baş Prokurorluq işi nəzarətə götürmüşdü. Bu gün isə cinayət işində şübhəli bilinən Yusif Ağazadəni saxlayıblar. Buna görə onlar istintaq idarəsinə dəvət edilib, ifadə veriblər:
“İnana bilmirdim ki, bu, baş verib. Çünki 1 il 2 aydır gözləyirdim, indi şokdayam. Ümid edirəm ki, bundan sonra da proses indiki kimi davam edər. Cinayətkar öz cəzasını alar və indiyədək baş vermiş qanunsuzluq aradan qalxar. Bizim tək istəyimiz budur”.
Zümrüd Yağmur əlavə edib ki, təcavüz məsələsi çox həssas mövzudur. Hüquq-mühafizə orqanları bu işlərə həssas yanaşmalıdırlar:
“Mən heç kimin təcavüzlə və bizim üzləşdiyimiz dəhşətli qanunsuzluqla üzləşməyini istəmərəm. Bundan sonrakı sürəcdə də ümid edirəm ki, eyni həssaslığı görəcəyik. Bu cinayət işində qanunsuzluğun, ədalətsizliyin olması barədə bir də paylaşım etməməyə ümid edirəm. Cinayətkar saxlanıldı, bundan sonra məhkəməyə çıxarılmalı, layiq olduğu cəzanı almalıdır”.
Yazar sonda deyib ki, bu ədalətsizliyin aradan qaldırılması həm də ictimai dəstəyin nəticəsidir.
Oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb.
O deyib ki, ona bu zorakılığı edən bacısı oğlu Əsgər Ağayevdir.