Zelenski "Pandora sənədləri" ilə bağlı: "2019-cu ildə eyni filmi oliqarx Poroşenkonun kanallarında da görmüşdüm"

Zelenski "Pandora sənədləri" ilə bağlı: "2019-cu ildə eyni filmi oliqarx Poroşenkonun kanallarında da görmüşdüm"
19 Oktyabr 2021
Mətni dəyiş

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, nə özü, nə də təsisçilərindən biri olduğu “Kvartal 95” yaradıcılıq studiyasından kimsə çirkli pulların yuyulması ilə məşğul olub. 

"Radio Svoboda"-nın məlumatına görə, Ukrayna lideri “Pandora sənədləri”ndə onun offşorlarda gəlirlərinin olması barədə yayılan iddiaları belə şərh edib. Zelenski bildirib ki, belə məlumatlar əvvəl də yayılıb: “2019-cu ildə eyni filmi oliqarx Poroşenkonun kanallarında da görmüşdüm, çünki o bilirdi ki, mənim alnım ağdır”.

“Ukrainskaya Pravda” xəbər verir ki, Zelenski eyni zamanda 2012-ci ildə offşor şirkətindən yararlanmasını inkar etməyib: “Yanukoviç zamanında hamı öz biznesini strukturlaşdırırdı, xüsusilə KİV-lə əlaqəli biznesi. Kanalların hamısının xaricdə şirkətləri vardı, istisnasız olaraq hamısının. Çümki bu, siyasətin sənə təsir etməməsi üçün bir imkan idi”.

II Abdullah ibn Əl Hüseyni

İordaniya Kralı II Abdullah ibn Əl Hüseyni də adının hallandığı "Pandora sənədləri" ilə bağlı açıqlama verib.

O, bildirib ki, sənədlərdə göstərilənlər qismən həqiqətdir, ancaq o, qanunsuz bir addım atmayıb. Dövlət vəsaitini mənimsəməklə bağlı deyilənlər yalandır.

"Şişirdilmiş 100 milyon dollar məsələsi ilə bağlı məlumatları təhlükəsizlik səbəbindən demirəm, ancaq xaricdə ev almaqda qanunsuz bir şey yoxdur", - deyə o, əlavə edib.

Andrey Babiş

Bununla bərabər, Çexiyanın Baş naziri Andrey Babiş də "Pandora sənədləri"ndə iddia edilən 22 milyon dollarlıq offşor hesablarından və Fransada öz adına alınmış əmlaklardan danışıb.

O bildirib ki, səhv bir şey etməyib, gəlirlərin və mülklərin vergisi ödənilib.

"Sözügedən 22 milyon dollar mənə aid puldur və offşor hesablara Çexiyadakı bankların biri vasitəsi ilə köçürülüb. Vergisi ödənilib. Hazırda da Çexiya bankına geri qaytarılıb. Almaniyada və ABŞ-da olan mülklərlə də bağlı bütün hüquqi addımlar atılıb. Heç bir halda yanlış bir şey etməmişəm", - deyə Çexiyanın Baş naziri bildirib.

Siyasətə gəldiyi 2011-ci ildən əvvəl milyonçu olan Babiş bundan əvvəl Avropa Birliyi fondlarından haqsız yerə 2 milyon dollarlıq dəstək aldığına görə, istinstaqa cəlb edilib. O, siyasətdən əvvəlki fəaliyyətində böyük qida məhsulları olan şirkətin və bir media quruluşunun rəhbəri olub.

O, Baş nazir olmamışdan əvvəl "Agrofert Holding"-lə bağlı maliyyə bəyannaməsini ictimayətə təqdim edib.

İlham Əliyev 

Azərbaycan prezidenti İlham Əliyev də "Pandora sənədləri" ilə bağlı açılama verib. O, bu barədə İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində danışıb.

"Mətləbə gəldikdə, bildirmək istərdim ki, mən on səkkiz ildir prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz", - deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Araşdırma

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) oktyabrın 3-də “Pandora Sənədləri”adlı araşdırmasının nəticələrini yayımlayıb. Jurnalistlər dünyanın hər yerindən offşor şirkətlərin sahibləri haqqında məlumatlar yer alan 12 milyon sənədi təhlil ediblər.

Dünya liderlərinin, siyasətçilərin və milyarderlərin gizli sərvətləri və ticarətləri maliyyə sənədlərinin ən böyük sızıntılarından birində ifşa edilib.

“Pandora Sənədləri” araşdırmasında təxminən 35 indiki və keçmiş lider və 300-dən çox dövlət məmuru yer alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun