Dünən övladımı dəfn elədiyim gündən bir il ötdü. Ötən dövr ərzində özümdə apardığım bəzi qeydləri facebook profilimimdə paylaşmaq qərarına gəldim. Təbii ki, bu fikirlər subyektivdir və razılaşmayanlar ola bilər. Mən buna normal yanaşıram və kimsəni güclə mənimlə razılaşmağa məcbur etmirəm. Eyni zamanda razılaşmayanların da mənim düşüncələrimə təsir etmək fikrində olmayacaqlarına ümid edirəm. Həm də hesab edirəm ki, biz totalitarizm cəmiyyətində yox, azad bir cəmiyyətdə yaşayırıq, hansı ki, düşünmək və düşündüklərimizi sərbəst ifadə etmək azadlığımız var.
***
Hər bir ailə başçısının vəzifələri arasında birinci gələn ailəsini qorumaqdı. O, hər bir fədəkarlığa gedərək, hər bir riski öz üzərinə götürərək bunu etməyi bacarmalıdır. Şərait, şərtlər nəyi diqtə edirsə ona uyğun hərəkət etməlisən. Hətta mövcud şərait sənə oğurluq etməyi diqtə edirsə lazım gəlsə ailəni ac saxlamamaq, qorumaq naminə buna da getməlisən. Çünki şərtlər bunu diqtə edir.
Sən mövcud şəraitin diktəsini alqışlamaya bilərsən, buna qarşı gedə bilərsən, onun diqtə etdiyi şərtlərə əməl etməyib kənarda dura bilərsən, amma bu halda məhrumiyyətlərdən, çətinliklərdən qaça bilməyəcəksən. Ən pisi isə budur ki, bu qaçınılmaz olan məhrumiyyətlər, sıxıntılar təkcə sənə yox, ailə üzvlərinə də dəyəcək. Bu baxımdan ailəsi uğrunda “vuruşub” dövlət malı oğurlayanları hardasa başa düşmək olar. Çünki şərtlər, oyun qaydaları bunu tələb edir. Onlar, müəyyən mənada riskə gedərək ailələri üçün çalışırlar, diqtə olunan şərtlərə əməl edib ailələri xətrinə hər şeyə gedirlər. Bu baxımdan belə adamlar ailələrinin qəhrəmanıdırlar. Nə etmək olar, şərtlər oğurluğu diqtə edirsə buna uyğunlaşmaq lazımdır. Ola bilər, zaman gələr şərtlər oğurluğu yox, dürüstlüyü diqtə edər, o zaman bu şərtlərə uyğun hərəkət edərsən. Ailə başçısının boynundakı birinci vəzifə ailəsini yaşatmaqdır.
Mövcud şərtlərlərlə razılaşmamaq, buna qarşı getmək təkcə özünün yox, ailənin də məhrumiyyətlə üzləşməsi ilə qarşılaşmasına gətirib çıxaracaq və sən ailənin qəhrəmanı olmayacaqsan. Təkcə ailənin qəhrəmanı olmamaqla iş bitmir, cəmiyyətdə, həmin insanlar sistemində də lazımsız və dəyərsiz bir elementə çevriləcəksən. Çünki sənin bu gün xidmət etdiyin prinsiplərə cəmiyyətdə ehtiyac yoxdur, mövcud şərtlər, şərait bunun əksini diqtə edir.
Beləliklə mövcud mexanizmin bir “zapçast”ı, hissəsi ola bilməsən bir tullantı kimi kənarda qalacaqsan. Bundan da təkcə özün yox, ailən də əziyyət çəkəcək.
***
Bir neçə telekanaldan gəlib şəhid ailəsi kimi bizi çəkiblər. Mən danışmağa razı olmadım. Çünki, onlar istəyəni mən deməyəcəkdim, mən deyəni onlar istəməyəcəkdi. Məsələn, onlar istəcəkdi ki, mən “vətən sağ olsun” deyim.
Gəlin əvvəlcə baxaq görək vətən nə deməkdi? Vətən sənin birgə olduğun toplum, sənə doğma insanların birliyi, öz ərazilərindi. Yaxşı, əgər Azərbaycan bizim vətənimizdirsə, onda bu vətənin hər nemətindən hamıya pay düşməlidi, qoruyanda da hamı birgə qorumalıdır. Yoxsa yeyəndə sən yeməlisən, ölmək lazım olanda mənim uşağım ölməlidi? Xeyr, belə olmamalıdır. Vətən hamımızındırsa yeyəndə də, öləndə də birlikdə olmalıyıq. Əgər belə deyilsə... onda vətən adı ilə kimlərsə manipulyasiya edir, kimlərsə kimisə tovlayır. Soruşuram, sən, bu dövlətin milyonlarına, milyardlarına sahib olan, bu vətən hər ikinmizindirsə, niyə sənin oğlun müharibə vaxtı xaricə qaçır, yaxud şəhərin mərkəzində yüz minlərlə ölçülən maşına bayraq taxıb siqnal verərək gəzir, bu dövlətdən demək olar ki, heç nə çatmayan mənim övladım isə günlərlə ac susuz, günün istisində, yağışın palçığında düşmənlə üz-üzə, odun alovun içində qalır və sonda həlak olur? Əgər bu vətən hər ikimizindirsə sənin də, mənim də oğlum çiyin-çiyinə cəbhədə olmalıydı. Yoxsa belə çıxır ki, vətən talamaq üçün sənin və övladlarının, ölmək üçün mənim övladımındır? Xeyr, belə olmur. Belə olarsa bu cür anlayışa vətən demək olmaz.
Hərdən internetdə rastımıza çıxır, hansısa oliqarxın milyonlarla ölçülən villalarını göstərirlər. O villladan mənə pay düşürmü? Mənim ora girmək ixtiyarım varmı? Təbii ki, yox. Deməli onun dövləti də vətəni də öz mülkünün olduğu ərazidir. Bəs mənə pay düşən hardandı? Öz qazancımla, öz zəhmətimlə qazandıqlarım, əldə etdiklərim. Onda deməli ailəm və evim mənim vətənimdi. Bu gün mənim vətən hesab etdiyim ailəmdə hər şey qaydasındadırmı? Qoruya bilmişəmmi bu vətənimi? Xeyr. Bu gün mənim ailəmin sevinci, ilk övladım aramızda yoxdu. Deməli qoruya bilməmişəm. Məni qalib saymaq olarmı? Yox. Mən bu mücadilədən məğlub ayrıldım. Qalib gələnlərsə öz mülkünü, yəni dövlətini qurmaq üçün daha böyük dövləti, Azərbaycanı çapıb talayan, sonra da vətənpərvərliyini “sübut etmək” üçün dövlətdən oğurladığı pulla aldığı, bir neçə yüz minilik maşınından və yenə dövlətdən oğurladığı pullarla tikdiyi, dəyəri milyonlarla ölçülən villasının balkonundan bu dövlətin rəmzi olan bayraq sallayan, sonra da tırka verib, “əsgərimiz irəli” deyərək öz yaxınını küncdə bucaqda gizlədənlərdi. Bu tip, vətənpərvərliyini bayrağı başı üzərində gəzdirməklə, yaxud status yazmaqla “sübut etmiş” adamlar məni bu yazılarıma görə “neprav” da çıxarda bilərlər.
Bütün yuxarıda yazdıqlarımı dərk edəndən sonra mənə “vətən sağ olsun” demək yaraşarmı? Mənim vətənim sağ deyil. Necə deyə bilərəm? Mənə bu sözləri dedirtmək istəyən telekanallar bunun fərqində deyillər. Mənsə danışmaqla təbliğat maşının bir hissəsi (zapçastı) olmaq istəmədim. Amma danışmaq istəmədiyimi görən yaxın, uzaq adamlar bu fürsəti dəyərləndirmədiyimə görə mənə qəribə bir tənə ilə baxırdılar. Bəlkə də biz bir-birimiz haqqında eyni şeyi düşünürdük.
Şəhidləri çəkərkən “vətən sağ olsun” dedirtmək ölümü stimullaşdırmaq, gənc yaşında insanların ölməsini təbliğ etməkdir. Mənsə buna qarşıyam. Düşünürəm ki, insan yaşamalıdır, hər şeydən öndə insan faktoru gəlməlidir. Dövlət də çalışıb insanı yaşatmalıdır.
Müharibə nədir? İnsan ölümü ilə nəticələnən qarşıdurma. Bu gün yenidən bunu stimullaşdıranlar müharibə gələndə özlərini və övladlarını yenə də künc-bucaqda gizlədəcəklər. Olansa yenə də yetim-yüsürə olacaq.
Mənim nə demək istədiyimi başa düşənlər düşdü. Başa düşməyənlərə isə tövsiyyəm budur ki, kimsə bu sözlərimi oxuyandan sonra irad tutub mənə vətənpərvərlik dərsi keçməsin. Əks halda sizə başıma gələndən arzulamaq məcburiyyətində qalacağam.
***
Yəqin ki, xatırlayanlar olar. Yayda, futbol üzrə Avropa çempionatının final mərhələsində Danimarka yığma komandasının üzvü Kristian Eriksen meydanda huşunu itirərək yıxildı. Demək olar ki, ölümdən döndü. Həmin vaxt, Eriksen huşunu itirərkən onun görüntüsünü futbolçular əvvəlcə bədənləri ilə bağladılar ki, kameralar çəkə bilməsin. Amma bu kifayət etmirdi. Bəlkə də elə buna görə azarkeşlərdən kimsə ölkəsinin simvolu olan iri bayrağı futbolçulara ötürdü. Bu bayraq huşunu itirən Eriksenin çıxış etdiyi ölkənin, Danimarkanın deyildi, qarşı oynadıqları rəqib komandanın ölkəsinin, Finlandiyanın bayrağı idi. O anda bu bayrağ bir rəmzdən dönüb pərdəyə, örtüyə çevrilmişdi. Hətta rəqib belə öz bayrağını dövlət rəmzindən örtüyə çevrilməyinə razı olmuşdu. Nəyin xatirinə? Eriksenin görüntüsü yaxınlarının, eləcə də əsəbləri zəif olanların psixikasına mənfi təsir etməsin deyə. Hər halda bu belə izah edilmişdi. Təsəvvür edin, bu hadisəyə görə az qala çempionat dayandırılacaqdı.
Onlar üçün zahiri əlamətlər yox, işin mənəvi tərəfi önəmlidir. Məsələn, kabinetində başının üstünə ölkənin bayrağını asıb həmin bayrağın altında dövləti çapıb talamırlar. Bəlkə də onların başlarının üstündən ölkələrinin bayrağını yoxdur. Ölkənin rəmzinin dəyərlərini daxillərində, mənəviyyatlarında, vicdanlarında gəzdiririrlər və əməllərində göstərirlər. Onlar hesab edirlər ki, əgər bir dövlətin rəmzi müəyyən qism insanı psixoloji sarsıntıdan xilas edəcəksə onda lazım gəlsə, həmin rəmzi orada bir örtük, pərdə kimi işlətmək olar. Bir insanı hətta ölümdən deyil sadəcə psixoloji sarsıntıdan azad etmək üçün yekə bir bayrağı örtüyə çevirə bilələr. Bax, insana verilən dəyər budur. Göründüyü kimi onlar üçün önəmli olan insandır, insan faktorudur.
Mən həmin vaxt bizim insanların Eriksenə mənəvi dəstək nümayiş etdirməsinə türkün sözü şaşırmışdım. Allah-Allah, gör ölkəmizdə nə qədər humanist adam var imiş? Gör necə də insan həyatının dəyərini bilirlər? Elə həmin vaxt birdən yadıma düşdü ki, elə bu adamların əksəri bir neçə ay öncə, müharibə vaxtı sosial şəbəkələri “dağıdırdılar”, müharibə istəyirdilər. Bəyəm onlar anlamırdılarmı ki, müharibə insan ölümü deməkdir? Bir insanın ölməməsi üçün ona mənəvi dəstək olanlar, minlərlə insanımızın ölməsi üçün onları irəli səsləyirdilər. Belə çıxır ki, avropalı Eriksen insandı, ona dəstək olmaq lazımdı, bizimki...
Xatirimdədir ki, həmin vaxt kimsə müharibəyə, yəni insanların ölməsinə etiraz edirdisə, onu linç edirdilər, vətən xaini çıxardırdılar.
***
2000-ci illərin əvvllərində Qarabağ münaqişəsinin “hərb, yoxsa sülh” varianları üzərində iş gedərkən müharibənin ən güclü təbliğatçılarından olan Mirşahin Ağayevin vaxtı ilə işlədiyi telekanalda bir süjeti getdi. O, ekranda müharibəyə aid göstərilən kadrların fonunda etdiyi çıxışda sülhə qarşı danışırdı. Mirşahinin sözündən belə çıxdı ki, ermənilər Xocalıda törətdiklərinin qarşılığında bizim sülhlə torpaq qaytarmağımız kişilik deyil. Yəni erməni bizi döyüb bu topaqdan çıxarıb, bizim onları öldürmədən bu torpaqları qaytarmağımız, Mirşahinin məntiqi ilə qeyrətsizlikdir. Bu sözləri 21-ci əsrin başlanğıcında ali təhsili olan bir jurnalist deyirdi. Fikrini də sonda belə tamamladı: “Oğraşlığınızı boynunuza alırsızmı?” O bu sualla bütöv bir xalqa müraciət etmişdi.
Artıq torpaqları demək olar ki, qaytarmışıq, həm də sülhlə deyil, müharibə ilə qaytarmışıq. Mirşahinin məntiqi ilə desək oğraşlığı boynumuza almadıq. Amma bildiyim qədəri ilə Mirşahinin ya ailəsindən hər hansı biri, ya da özü bu müharibədə iştirak etmədi. Söhbət əlinə mikrofon alıb əsgərlərdən müsahibə üçün yox, silah götürüb düşmənlə, yəni hər an ölümlə üzbəüz qalmaqdan gedir. İndi bilmirəm, vaxtı ilə Azərbaycan xalqına verdiyi sualı Mirşahin bu gün ozünə verir, yoxsa yox.
Müharibə üçün qaz verənlər olur, bir də bu qazın nəticəsində yaranan müharibədə həlak olanlar. Müharibəni qaz verib qızışdıranlar əksər hallarda kənarda qalır. Özlərinə və yaxınlarına bir şey olmur.
***
Hələlik bu qədər. Əslində yuxarıda yazdıqlarım hamının bildiyi çılpaq həqiqətlərdir. Amma bu çıpaqlığı çoxu dilə gətirmək, göstərmək istəmir, çünki “vətənpərvər” imicləri zədələnə bilər. Nəylərinə lazımdı? Niyə ağramayan başlarına dəsmal bağlasınlar? “Vətən, millət, Sakarya” deyib gəzirlər. Bəlkə də itirəcəklərindən qorxurlar. Mənimsə artıq belə bir qorxum yoxdur.
Vüqar Məmməd, Şəhid Ülvi Məmmədovun atası