Beynəlxalq Qızlar Günündə "Save The Children" (Uşaqları xilas edin) təşkilatının yaydığı hesabata görə, hər il təxminən 22 mindən çox qız hamiləlik və erkən nigahdan qaynaqlanan doğumlar səbəbindən ölür.
"Qlobal qızlar 2021" adlı hesabatda qeyd olunur ki, bu da hər gün 60-dan çox qızın ölümü deməkdir.
Hesabata görə, erkən nigahların ən çox olduğu region Qərbi və Orta Afrikadır. 9 mindən çox belə evliliklərlə bu region ümumi ölümlərin yarısını təşkil edən regiona çevrilib. Rəqəmə görə bu regionlarda hər gün minimum 26 uşaq bu səbəblərdən ölür. Afrika ölkələri belə ölümlərə görə özündən sonra gələn başqa region ölkələrindən minimum 4 dəfə öndədir.
Son 25 ildə 80 milyon uşaq evliliyinin qarşısı alınsa da, problemi kökündən həll etmək mümkün olmayıb. Xüsusən, pandemiya dövründə qızlarla bağlı vəziyyət daha da pisləşib.
hesabatda qeyd olunub ki, uzun karantin müddətlərində qadınlar və qızlara qarşı törədilən şiddət halları artıb. Hesablamalara görə, 2030-cu ilə qədər 10 milyona qədər uşaq evliliyi baş tutacaq və bununla bərabər çoxlu ölümlər də olacaq.
Təşkilat bildirib ki, cəmiyyətlər və dövlətlər çalışmalıdırlar ki, qızlar öz həyatları ilə bağlı qərar vermək səlahiyyətinə sahib olsunlar.