27 Oktyabr 2021
Mətni dəyiş
Gürcüstan hakimiyyəti ölkəyə gələn ukraynalı jurnalist Dmitri Qordonu deportasiya edib. Bu barədə o, “Ukrayna-24” telekanalının efirində məlumat verib.
“Tiflis hava limanında məni giriş qadağasının səbəblərini demədən sadəcə olaraq fakt qarşısında qoydular”, – Qordon bildirib.
Qordon öz teleqram kanalında yazıb ki, o, bu qərarı Ukrayna Xarici İşlər Nazirliyinin bu yaxınlarda Gürcüstanın Xarici İşlər Nazirliyinə “mənim Mixail Saakaşvilini Rustavi həbsxanasında ziyarətimi təşkil etmək” üçün müraciət etməsi ilə əlaqələndirir. O, hadisəni “beynəlxalq qalmaqal və Gürcüstan hakimiyyəti üçün utancverici” adlandırıb.
Oktyabrın əvvəlində Qordon Saakaşvilinin ona məktub yazdığı barədə məlumat verib. “Nə qədər ki həbsdəyəm, heç bir halda dayandırmaq fikrində olmadığım müddətsiz aclıq aksiyası zamanı vəziyyətim və üzləşdiyim ədalətsizlik haqda daim xatırlatmaq həyati əhəmiyyət kəsb edir”, - Saakaşvili yazıb.
Mixail Saakaşvili Ukraynadan Gürcüstana sentyabrın 29-da-yerli özünüidarəetmə orqanlarına oktyabrın 2-də keçirilən seçkilərdən əvvəl qayıdıb. O, vətəndaşları seçkiyə getməyə, ertəsi gün isə Tiflisdə mitinqə toplaşmağa çağırıb. Lakin oktyabrın 1-də o, əvvəllər açılmış cinayət işləri əsasında saxlanılıb. Həbsdən dərhal sonra siyasətçi aclıq aksiyasına başlayıb. Aclıq aksiyasının 20-ci günündə bir qrup həkim ona baş çəkib. Həkimlər onun intensiv monitorinq üçün xəstəxanaya göndərilməsini tövsiyə ediblər.