25 Oktyabr 2021
Mətni dəyiş
Sudanda bir qrup əsgərin hakimiyyəti ələ keçirdiyi bildirilir.
Sudanın İnformasiya Nazirliyi baş nazir Abdullah Hamdukun nəzarətə alındığını və çevrilişə qarşı çıxdıqdan sonra ictimaiyyətə açıqlanmayan bir yerə aparıldığını bildirib.
Abdullah Hamduka çevrilişi dəstəklədiyini deməsi üçün təzyiqlər edilir.
Hamdukun adından yayımlanan bir bəyanatda xalq küçələrə çıxmağa və çevrilişə sülh yolu ilə müqavimət göstərməyə çağırılıb.
"Müvəqqəti Şuranın mülki üzvləri və keçid hökumətinin bəzi nazirləri birgə hərbi qüvvələr tərəfindən saxlanılıb", - İnformasiya Nazirliyinin açıqlamasında deyilir.
Sudan ordusundan indiyə qədər heç bir açıqlama verilməsə də, baş nazir Abdullah Hamdukla birlikdə ən azı 4 nazir və bəzi siyasi partiyaların liderlərinin saxlanıldığı bildirilir.
Fransız xəbər agentliyi AFP əsgərlərin Sudan televiziyası və radiosuna basqın edərək şəxsi heyəti saxladığını açıqlayıb.
ABŞ: “Narahatıq”
ABŞ Sudandan gələn xəbərlərin "narahatedici" olduğunu söyləyib. ABŞ-ın bölgədəki xüsusi nümayəndəsi Cefri Fetlman müvəqqəti hökuməti dəstəklədiklərini və istənilən çevrilişin Sudan xalqının demokratiya istəklərinə zidd olacağını deyib.
Avropa İttifaqının xarici siyasət üzrə xüsusi nümayəndəsi Cozep Borrell Sudandakı bütün tərəfləri və onların regiondakı tərəfdaşlarını keçid prosesinə qayıtmağa çağırıb.
Vətəndaş itaətsizliyi və ümumi tətil çağırışı
Ölkənin ən mühüm qeyri-hökumət təşkilatı olan Sudan Peşəkarlar İttifaqı vətəndaş itaətsizliyinə və ümumi tətilə çağırıb.
Paytaxt Xartumdakı bir jurnalist BBC-yə bildirib ki, şəhərin hər yerində izdiham toplaşmağa başlayıb. Həmin jurnalist əsgərlərin küçələrdə olmadığını, lakin Xartumun iki əsas bölgəsini birləşdirən körpünü bağlandığını bildirib.
Küçələrdə təkər yandıran qəzəbli kütlənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Xartum Beynəlxalq Hava Limanı bağlanıb, ölkədə beynəlxalq uçuşlar dayandırılıb.
Paytaxtda internetə çıxışın olmadığı bildirilir.
Sudan prezidenti Ömər əl-Bəşir iki il əvvəl çevriliş nəticəsində devrilib və müvəqqəti hökumət qurulub.
Ancaq bir müddətdir ki, müvəqqəti hökumətlə əsgərlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında soyuq münasibət olduğu məlumdur.
Əldə edilən razılığa görə, müvəqqəti hökumət bir il daha ölkəni idarə edəcək və daha sonra ümumi seçkilər keçiriləcəkdi.
Sudanda əsgərlər arasında da fikir ayrılıqlarının olduğu və gərginliyin artdığı bildirilib. Sentyabr ayında Ömər əl-Bəşir tərəfdarlarının çevriliş cəhdinin qarşısının alındığı açıqlanıb.
Bu ay Xartumda keçirilən etiraz aksiyasında hərbçilərin hakimiyyəti ələ keçirməsi tələb edilib.