28 Oktyabr 2021
Mətni dəyiş
Rusiyanın “Muz TV” kanalı barəsində yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqənin təbliği ilə bağlı inzibati protokol tərtib edilib. Bu barədə “İzah edə bilərik” teleqram kanalı Moskvanın Basmannı məhkəməsinin kartotekasındakı məlumatlara istinadən xəbər verib.
Telekanala qarşı protokolun hansı səbəbdən tərtib edildiyi açıqlanmır. Şirkətin nümayəndələri bu məsələ ilə bağlı “heç nə deyə bilməyəcəklərini” bildiriblər.
“Muz TV”-nin ittiham edildiyi Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 6.21-ci maddəsinin 2-ci hissəsinə əsasən hüquqi şəxslər üçün maksimum cəza bir milyon rubl məbləğində inzibati cərimə və ya 90 günə qədər fəaliyyətin dayandırılmasıdır. Məhkəmə işə noyabrın 17-də baxacaq.
İyun ayında “Muz TV”-nin təşkil etdiyi mükafatlandırma mərasiminə bloger İqor Sinyak qadın libasında, tiktoker Danya Miloxin yarı libas, yarı smokində, həmçinin musiqiçilər Filipp Kirkorov və Davu (David Manukyan) çiçəklərlə bəzədilmiş ağ kabrioletdə yarıçılpaq kişilərin müşayiəti ilə gəliblər. Bundan sonra “Roskomnadzor” mükafatlandırma mərasinin efirini “homoseksuallığın təbliğatı” ilə bağlı yoxlayacağını vəd edib.