Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin Türkiyə və Azərbaycanın təklif etdiyi 3+3 formatını dəstəklədiyini və ən qısa zamanda həyata keçəcəyini ümid etdiklərini bildirib.
Zaxarova bu barədə "Vestnik Kavkaza" saytına açıqlamasında danışıb.
Onun sözlərinə görə, bu format bütün region ölkələrinin maraqlarına xidmət edir: "3+3 əməkdaşlıq formatını Azərbaycan və Türkiyə təklif edib. Rusiya bu təklifi dəstəkləyib. Çoxtərəfli regional əməşdaşlığın inkişafı ilə bütün region ölkələrinin qazanacağına inanırıq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Mariya Zaxarova bildirib ki, görünən odur ki, başda Amerika olmaqla bəzi Qərb ölkələri bu təklifin təkərinə çomaq soxmaq istəyirlər.
Onun sözlərinə görə, qərblilər bu kontekstə həqiqətə uyğun olmayan fikirlər yaymaqla məşquldurlar.
"3+3 təklifini Azərbaycan və Türkiyə verib, amma Moskvanın ayağına yazırlar. Bu mövzü ətrafında qəribə bir oyun başladırlar. Bütün bunları da Rusiyaya qarşı atmosferdə aparırlar. Bəli, biz bu təklifi dəstəkləyirik, ancaq təklif başqa ölkədən gəlib", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
XİN: “Gürcüstan Rusiya ilə birgə “3+3” formatında iştirakı nəzərdən keçirməyəcək”
Gürcüstanın Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq bildirib ki, Gürcüstan Rusiya ilə birgə “3+3” formatında iştirak məsələsini nəzərdən keçirməyəcək.
Sənəddə qeyd olunub ki, XİN nazir David Zalkalianinin oktyabrın 7-də Birinci kanala müsahibəsində “Gürcüstan “3+3” formatında hansısa formada təmsil olunmalıdır” sözlərini deməsi barədə məlumatı təsdiqləmir.
Bəyanatda həmçinin vurğulanıb ki, Gürcüstan regionda mühüm rol və funksiya yerinə yetirir: “Burada ölkənin Asiya və Avropanın birləşdirilməsində önəmli rol oynayan, Gürcüstanın iqtisadi və siyasi müstəqilliyinə əhəmiyyətli töhfə verən strateji vacib layihələrdə iştirakını nəzərədə tuturuq. Bundan başqa, Gürcüstanın baş naziri BMT-nin Baş Assambleyasında qarşılıqlı hörmət və bərabərliyə əsaslanan və bölgədə sülh və sabitliyin bərpasına yönəlmiş Dinc Qonşuluq Təşəbbüsünü təqdim edib”.