22 Oktyabr 2021
Mətni dəyiş
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Taleh İbrahimov müdafiə çıxışı edib.
O, R.Əkbərovun barəsində bəraət hökmünün çıxarılmasını və zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxsə qarşı qaldırılan mülki iddianın təmin edilməməsini tələb edib:
“Rövşən Əkbərovun bu cinayətə aidiyyəti yoxdur. Törətmədiyi cinayət əməlinə görə burada mühakimə olunur. Hadisə 20 il qabaq törədilib”.
Vəkil deyib ki, iş üzrə şahidlərin barəsində cinayət işi başlanmalıdır:
“Şahidlərdən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov indiyə qədər beş dəfə ifadə verib. O, dörd ifadəsində Rövşən Əkbərovun adını çəkməyib. 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. Guya ki, Rövşən Əkbərov Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Yaxşı, deyibsə, indiyə qədər bu adam cinayəti niyə hüquq-mühafizə orqanlarına deməyib. Onun barəsində o zaman cinayət bilib gizlətdiyi üçün istintaq orqanı tərəfindən cinayət işi başlanmalıydı. Lakin biz bilirik ki, o, Rövşən Əkbərov barəsində yalan ifadə verib.
Digər şahid - fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyev də dörd dəfə istintaqda ifadə verib. Lakin o da ifadələrinin heç birində Məzahirin ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deməyib. Lakin bu il mart ayında Orucəli ifadəsində bildirib ki, hadisə Rövşən Əkbərov tərəfindən törədilib”.
Daha sonra R.Əkbərovun digər vəkili isə çıxışa hazır olmadığını bildirib.
Növbəti proses oktyabrın 27-də davam edəcək.
Məhkəmə iclası bitəndən sonra mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva vəkilin çıxışına etiraz edib. O, oğlunu Rövşən Əkbərovun öldürdüyünü bildirib:
“Ona silah verin, oğlumu necə öldürübsə, məni də öldürsün”.
R.Əkbərov isə E.Əliyevi öldürmədiyini söyləyib.
Ötən məhkəmə iclasında prokuror R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.