Ancaq onu da nəzərə almaq lazımdır ki, müstəqil ekspertlər Azərbaycanda yoxsulluq göstəricisi ilə bağlı açıqlanan rəsmi rəqəmlərə birmənalı yanaşmırlar. Buna əsas səbəb Azərbaycanda yoxsulluq ölçülərinin dünya standartlarından geri qalmasıdır. Bəlkə elə bu səbəbdən də Azərbaycanda yoxsulluq göstəricisi bir çox orta və yüksək gəlirli ölkədən daha aşağıdır. Hətta Dünya Bankı da 2019-cu ildə yayımladığı hesabatında Azərbaycanda yoxsulluq göstəricisinin hökumətin açıqladığı rəqəmdən təxminən beş dəfə çox - 24 faiz olduğunu açıqlamışdı. Həmin hesabatda Bakı şəhərində yoxsulluq göstəricisinin 16 faiz, digər bölgələrdə isə, əsasən, 20-30 faiz arasında olduğu vurğulanırdı. Bankın bu il yayımladığı digər bir hesabatda isə qeyd edilirdi ki, ölkədə yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır. Kənd yerlərində yaşayan bütün sakinlərin 57 faizi yoxsulluq riski daşıyır. Yəni, həmin əhali qrupu hazırda yoxsul sayılmasa da, gözlənilmədən üzləşəcəkləri iqtisadi və ya səhiyyə problemləri onları asanlıqla yoxsul əhali qrupuna sala bilər. Bu məqam Azərbaycanda iqtisadi çətinliklərin necə böyük miqyaslı sosial problemlər doğuracağının göstəricisidir.
İstehlak səbəti yanlış tərtib edilir
Ölkədə istər sosial yardımların, istər ehtiyac meyarının, istərsə, dolayısı ilə, minimum əməkhaqqının formalaşmasına təsir göstərən əsas amillərdən biri istehlak səbətidir. Yaşayış minimumu haqqında qanuna görə, istehlak səbəti insanın sağlamlıq və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən olunmuş toplusu kimi ifadə edilib.
Azərbaycanda istehlak səbəti ilə bağlı əsas tənqidi məqam səbətin tərkibi ilə bağlıdır. Məsələn, Nazirlər Kabinetinin təsdiqlədiyi qərarda internet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülür. Əməkqabiliyyətli əhali üçün palto tipli üst geyimlərinin aşınma müddəti 8 il, ayaqqabıların aşınma müddəti 3.5 il müəyyən edilib ki, bu rəqəmlərin reallığı əks etdirməsi dartışıla bilər. İstehlak səbəti ilə bağlı daha bir diqqətçəkən məqam da odur ki, yaşayış minimumuna parlamentdə hər il büdcə zərfi çərçivəsində baxılsa da, qanunvericilikdə istehlak səbətinə hər üç ildən bir baxılması nəzərdə tutulub. Müddətin bu qədər çox olması istehlakçıların davranış və tələblərinin operativ şəkildə nəzərə alınmasını əngəlləyir.
Azərbaycanda minimum istehlak səbətinin əhatə dairəsi ilə bağlı da problemlər mövcuddur. Beynəlxalq Əmək Təşkilatı ehtiyac meyarının müəyyən olunmasında qida və mənzil ehtiyaclarından başqa səhiyyə, uşaqların təhsil məsrəfləri və ictimai həyatda iştirak üçün gərəkli digər xərclərin də nəzərə alınmasını zəruri sayır. Halbuki, Azərbaycanda istehlak səbəti bu tip xidmətləri əhatə etmir.
Azərbaycanda minimum tələblərlə bağlı diqqətçəkən bir məqam da ölkədə minimum əməkhaqqı ilə yaşayış minimumu arasında bağlılığın olmamasıdır. Belə ki, "Yaşayış minimumu haqqında" Qanunda yaşayış minimumunun əməkhaqqının minimum məbləğinin və pensiyaların baza hissəsinin müəyyən edilməsinin əsasını təşkil etdiyi vurğulansa da, bu, hüquqi baxımdan icbari bağlılığı nəzərdə tutmur. Azərbaycanda hazırda minimum əməkhaqqı (250 manat) ölkə üzrə yaşayış minimumunu (196 manat) qabaqlasa da, qeyd etmək lazımdır ki, bunu, sadəcə, 2019-cu ildə reallaşdırmaq mümkün olub. Minimum əməkhaqqının 2019-cu ilin iyunundakı artımınadək ölkədə uzun illər boyu əməkhaqqının minimum səviyyəsi yaşayış minimumundan daha az idi. Minimum tələblərlə bağlı bütün bu mübahisəli məqamların aradan qaldırılması həm yoxsul əhalinin real sayının ortaya çıxması, həm də həmin şəxslərin rifahının yüksəldilməsi ilə bağlı daha uğurlu siyasət mexanizmlərinin hazırlanması baxımından çox vacibdir.