30 Oktyabr 2021
Mətni dəyiş
Neftçala rayon İcra Hakimiyyətinin keçmiç başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmünə görə cinayət işi üzrə digər təqsirləndirilənlər – rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.
Həbs edilənlərin ailə üzvləri və vəkilləri məhkəmənin hökmü ilə bağlı hələ şərh verməyib.
İsmayıl Vəliyev 2005-2011-ci illərdə Qobustan rayonunun, 2011-ci ildən 2020-ci ilin fevralında həbs olunana qədər isə Neftçalanın icra başçısı olub.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçalada əməliyyat ötən ilin fevralında keçirilib. İcra başçısı və digərləri haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İyun ayında onların həbs müddəti daha üç ay artırılıb. İbtidai istintaq yekunlaşmadığına görə həbs-qətimkan tədbirinin müddəti ikinci dəfə uzadılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.