İsrailin kəşfiyyat orqanı olan MOSSAD-ın 1986-ci ildə bir əməliyyat zamanı itkin düşən pilot Ron Aradın yerini müəyyən etmək üçün Suriyada xidmətdə olan bir iranlı generalı qaçırıb dindirdiyi deyilir.
Ərəb mətbuatının yazdığına görə, Afrika ölkələrindən birinə qaçırılan general Ron Aradla bağlı dindirildikdən sonra sərbəst buraxılıb.
Daha sonra, Livanda axtarışlar zamanı tapılmış bir cəsədin Ron Arada aid olub-olmamasını aydınlaşdırmaq üçün DNA testi keçirilib.
Bu həftə İsrail parlamentində çıxış edən Naftali Bennet də Ron Aradın tapılması üçün genişmiqyaslı əməliyyatların başladığını bildirib, ancaq o, detalları açıqlamayıb.
İsrail mətbuatı isə Bennetin bu açıqlamasını tənqid edib. Şərhçilər hesab ediblər ki, nazir şəxsi siyasi maraqlarına görə, dövlətin belə gizli əməliyyatı ilə bağlı açıqlama verib və əməliyyatı təhlükəyə atıb.