Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə haqqında şeirin müəllifi, narkotik ittihamı ilə həbsdə olan Cavid Babaşov özünü təqsirli bilmir.
Bu barədə onun qardaşı məlumat verib.
Cavid Babaşovun qardaşı Telman Babaşov deyib ki, Cavid mayın 15-də həbs olunub və bundan sonra onunla iki dəfə telefonla danışıblar.
Telefon danışıqlarında Cavid Babaşov qardaşına bildirib ki, ona irəli sürülən ittihamlar saxtadır: "Dedi ki, operatorlardan mənim məlumatlarımı alsanız bilinəcək ki, mən ittiham aktında qeyd olunan yerdə olmamışam ümumiyyətlə", - deyə, Cavid Babaşovun qardaşı bildirib.
Meyxanaçının qardaşı deyir ki, Cavidin telefon danışıqlarına qadağa qoyulduğu üçün çox danışa bilmirlər.
Sosial şəbəkələrdə Babaşovun Rəsulzadə haqqında 2016-cı ildə oxuduğu meyxanasına görə cəzalandırılması barədə fikirlər yayılıb. Daxili İşlər Nazirliyi (DİN) isə bu iddiaları təkzib edib.
"Meyxanaçı Cavid Babaşovun siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır. İddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə cəzalandırılıb. Doğrudanmı bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Elədirsə, bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib istintaq materialları ilə tanış ola bilər", – nazirliyin mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev belə deyib.
DİN rəsmisi vurğulayıb ki, Babaşov istintaqa ifadəsində əməlini etiraf edib. Hacıyevin sözlərinə görə, artıq istintaq başa çatıb, iş materialları araşdırılması üçün məhkəməyə göndərilib.
Meyxanaçının ailəsi isə işin məhkəməyə göndərilməsindən məlumatsızdır.
Babaşovun ittiham olunduğu CM-in 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.