8 Oktyabr 2021
Mətni dəyiş
Rusiyanın məşhur "Komsomolskaya Pravda" qəzeti atışma zamanı bir müxalifət tərəfdarı və bir təhlükəsizlik işçisinin ölümündən və yerli jurnalistlərindən birinin həbsindən sonra Belarusdakı şöbəsini bağlayıb.
"Komsomolskaya Pravda" qəzeti Belarusdakı şöbəsinin bağlanması barədə qərarını çərşənbə axşamı gecə açıqlayıb və buna "keçən ilin və əsasən də keçən həftənin hadisələrini" əsas gətirib.
Ötən çərşənbə günü Belarusun İnformasiya Nazirliyi qəzetin hər gün təxminən 20 000 istifadəçisinin daxil olduğu Belarus saytına girişi bağlayıb. Ondan iki gün sonra insan haqları müdafiəçiləri Belarus jurnalisti Hinadz Majeykanın həbs edildiyini bildirib.
Belarusdakı "Komsomolskaya Pravda" təzyiqlərə paytaxt Minskdəki bir mənzildə baş verən atışma zamanı iki nəfərin - müxalifət tərəfdarı və Belarus Dövlət Təhlükəsizlik Xidməti zabitinin öldürüldüyü barədə məqalə dərc etdikdən sonra məruz qalıb. 39 yaşlı Majeyka məqaləsində müxalifət tərəfdarının onu müsbət xarakterizə edən bir dostunun şərhini yazmışdı.
Belarus rəsmiləri keçən çərşənbə axşamı "təhlükəli bir cinayətkar"ın "terror fəaliyyətləri ilə məşğul olan şəxsləri" axtarmaq üçün mənzilə gəldikləri zaman təhlükəsizlik işçilərinə atəş açdığını iddia edib. Rəsmilər Dövlət Təhlükəsizlik Xidməti zabitlərindən birinin atışma zamanı öldüyünü, cinayətkarın isə cavab atəşi ilə öldürüldüyünü bildirib.
Belarus hakimiyyəti keçən il hökumət əleyhinə keçirilən nümayişlərdə iştirak edən etirazçıları "ekstremist" və "terrorçu" adlandırırıb. Böyük etirazlar 2020-ci ilin avqust seçkilərində müxalifət və Qərbin avtoritar prezident Aleksandr Lukaşenkonun altıncı müddətə saxtakarlıqla seçildiyini iddia etməsindən sonra baş qaldırıb.
Lukaşenko hökuməti etirazlara zorakılıqla cavab verib. O zaman 35 mindən çox insan həbs edildi və minlərlə insan vəhşicəsinə döyülüb.