6 Oktyabr 2021
Mətni dəyiş
Jurnalist və ictimai fəal Anar Abdullaya 15 sutka inzibati həbs cəzası verilib. Oktyabrın 6-da Nərimanov Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Qərara əsasən, Anar Abdulla İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib.
Jurnalistlər məhkəmə prosesinə buraxılmayıb. Vəkil Zibeydə Sadıqova bildirir ki, jurnalist məhkəmədə həm xırda xuliqanlıq, həm də polisə tabesizlik ittihamını rədd edib. O deyib ki, polis bölməsində haqqında tərtib olunmuş və məhkəməyə təqdim olunan inzibati xəta protokolunda yazılanlar həqiqətə uyğun deyil. O, oktyabrın 5-də polis bölməsinə çağrılıb və könüllü şəkildə gedib.
Məhkəmə binasına polis əməkdaşlarının müşayiətilə qandallı vəziyyətdə gətirilən jurnalist maşından düşürülüb binaya aparılarkən dünəndən saxlandığı polis idarəsində zorakılığa məruz qaldığını deyib.
Anar Abdullanın yaxınları qərarın əsassız olduğunu və apelyasiya şikayəti veriləcəyini bildirib: “İki dəfə polislər evə gəlmişdi, Anar evdə olmamışdı. O, evə gələndə bunu bildi və polis idarəsinə getdi. Amma gələnlər səbəbi deməmişdilər”.
Jurnalist Nərimanov rayonu, 18-ci polis bölməsinə gedəndən bir müddət sonra ailə üzvlərindən telefonunun gətirilməsi tələb olunub. Yaxınları Anar Abdullanın “Facebook” hesabından yazdığı fikirlərə görə cəzalandırıldığını deyir.
Anar Abdulla bu günlərdə ölkədə qiymət artımına etiraz olaraq, belə bir status paylaşmışdı: “İcra başçıları İlhama “atır”, İlham da faturasını bizə kəsir...”
Daxili İşlər Nazirliyindən təzyiqlərlə bağlı deyilənlər təkzib olunub.
*****
Ötən gün polis jurnalist və ictimai fəal Anar Abdullanı saxlayıb.
Bildirir ki, oktyabrın 5-də polis əməkdaşları iki dəfə fəalın evinə gedərək Nərimanov Rayon Polis İdarəsinə gəlməyi tələb ediblər, lakin A.Abdulla evdə olmayıb.
Saat 16.00-da o, Nərimanov Rayon Polis idarəsinə gedib, telefonunu isə yaxınlarına verib.
Bir müddət sonra onun yaxınlarına zəng edərək yaxınlarından telefonu 18-ci polis bölməsinə gətirmələri tələb olunub. Fəalın özü də həmin şöbəyə aparılıb.
"Polisdən bildirdilər ki, Anar 535.1-ci (polisə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati xətalar törətməkdə ittiham olunur. Ancaq biz hesab edirik ki, bunlar uydurma və siyasi cəhətdən əsaslandırılmış ittihamlardır. Anar polisə özü gedib, necə tabe olmaya bilərdi?",- deyə fəalın həmkarı Mina Əlyarlı deyib.
Yaxınları hesab edirlər ki, A.Abdullanı sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə saxlayıblar.
"Hazırda Anar vəkil olmadan dindirilir. Ola bilsin ki, onu işgəncələrə məruz qoyurlar", - Əlyarlı deyib.
Fəal bu gün məhkəmə qarşısına çıxacaq. Proses Nərimanov Rayon Məhkəməsində, saat 14:00-da keçiriləcək. Anar Abdulla 535.1 (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə ittiham edilir.
Anar Abdulla bundan öncə də etiraz aksiyalarının işıqlandırılması zamanı saxlanılıb.