İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda İranın qonşu ölkələrlə, o cümlədən də Azərbaycanla münasibətləri qoruyacağı bildirilib.
"İran qonşuları ilə dostluq münasibətlərinə xüsusi önəm verir. Yeni hökumətdə qonşular bizim üçün prioritetdir və biz onlarla dostluq münasibətlərini qoruyacağıq. Bütün qonşu ölkələrlə və Azərbaycanla da daim dost olduğumuzu bildiririk. Azərbaycanla aramızda anlaşılmazlıqlar olarsa, diplomatik yollarla həll ediləcək. Xarici İşlər Nazirliyi bu məsələni izləyir", - deyə, qeyd olunub.
Bir müddətdir Azərbaycanla İran arasında siyasi gərginlik yaşanır. Belə ki, İran şirkətlərinə aid tırların Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərləri Azərbaycan tərəfindən sərt qarşılanıb. Azərbaycan Gorus-Qafan yoluna post quraraq, maşınlardan dövlət rüsumu tələb edib. Tələbləri pozan iki iranlı sürücünü isə həbs edib.
Bundan sonra iki ölkə arasında gərginlik daha da artıb. İran Azərbaycanla sərhədə qoşun yığaraq, hərbi təlimlərə başlayıb.