İqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli Milli Məclis sədri Sahibə Qafarovaya və İntizam Komissiyasına deputat Etibar Əliyevdən şikayət edib.
Nazim Bəydəmirli müraciətində Etibar Əliyevin onu təhqir etdiyini bildirib.
O, bu barədə Meydan TV-yə danışıb.
Nazim Bəydəmirli Etibar Əliyevin məlum açıqlamasının “Milli Məclis deputatının Etik davranış qaydaları”nın
4-cü maddəsinə zidd olduğunu deyib.
Deputat Etibar Əliyev Nazim Bəydəmirlinin onun “Bakupost” saytına müsahibəsini təhrif etdiyini deyir.
Deputat oktyabrın 20-də “Facebook” səhifəsində yazıb ki, sayta verdiyi müsahibədə fikirləri təhrif olunub: “Mən heç bir kütləvi informasiya vasitəsinə konkret olaraq deməmişəm ki, müəllimlər saxta COVID-19 pasportu alıb. Bir debil keçmiş deputat var: Nazim Bəydəmirli. Yarımçıq adamdır. Biz tərəfdə belə adama ifləmə də deyirlər. Bu debil mənim adımdan demədiyim bir fikri paylaşıb. Sonra ona ağlına uyğun yönüm verib. Bu debilin hələ bir sözünü xatırlayan yoxdur. Başına da özü kimi debilləri toplayıb. Ara qarışdırmaq üçün əlinə fürsət düşüb. Təhrif olunmuş fikrimi paylaşıb, ünvanıma təhqiramiz ifadələr təşkil etdirir”.
Nazim Bəydəmirli hesab edir ki, Etibar Əliyev məlum açıqlaması ilə onu publik və hüquqi şəxs kimi təhqir edib: “Mən iş adamıyam, bir neçə müəssisəsinin sahibiyəm, 100-dən çox işçim var. Eyni zamanda, Milli Məclisin keçmiş deputatıyam. Milli Məclisə müraciət etməkdə məqsədim odur ki, Etibar Əliyev təkcə məni deyil, “Facebook”da müxtəlif şəxsləri küçə leksionuna uyğun olaraq təhqir edir və aşağılayır. Son bir ildə bu cür faktlarla qarşılaşmışam. Mən bu cür adamların Milli Məclisin nüfuzuna ciddi ziyan vurduğunu düşünürəm. Ona görə də qanunverici orqanın rəhbərliyindən xahiş etmişəm ki, bəlkə, deputatın psixikasından pozuntu var, bunu aydınlaşdırsınlar. Çünki Etibar Əliyevin çıxışlarında belə ifadələr tez-tez müşahidə olunur”.
Nazim Bəydəmirli “Facebook”da Etibar Əliyevin yaydığı müsahibəsinə münasibətdə heç bir təhqirə yol vermədiyini deyib: “Eyni zamanda, paylaşmanın altından təhqir yazanları da silmişəm. Keçmiş millət vəkili kimi deputatların da aşağılanmasını yolverilməz sayıram və bunlar onun necə deputat seçilməsindən qaynaqlanmır. O deputat mandatı daşıyırsa, cəmiyyət də ona hörmətlə yanaşmağa borcludur, amma məcbur deyillər. Anlayıram ki, insanlar onun çıxışlarına qıcıq olurlar, xüsusən də son müsahibəsi ictimai rezonans doğurub. Bütün hallarda İntizam komissiyası şikayətimə baxmalıdır. Əgər müraciətimə baxılmasa, məhkəməyə birbaşa şikayət etmək hüququmdan istifadə edəcəyəm. Bəli, “Deputat statusu haqqında” Qanuna görə Etibar Əliyev fəaliyyəti ilə bağlı məsuliyyətə cəlb oluna bilməz. Amma bu ona şamil olunmur ki, deputat publik yerlərdə, məsələn, sosial şəbəkədə hər kəsi təhqir etsin. Ola bilsin ki, bəziləri “Deputat statusu haqqında” Qanunu başa düşməyiblər. Deputat da öz davranışıyla cəmiyyətə nümunə olmalıdır. Çox təəssüf ki, bir çoxları bunu unudurlar, amma heç kəsə deputat mandatı altında gizlənib digərlərini aşağılamağa, təhqir etməyə yol verilmir. Yaxşı olardı, qanunu diqqətlə oxusunlar”.
İntizam Komissiyasının üzvü Məlahət Həsənova Nazim Bəydımirlinin şikayətini hələ almadıqlarını deyib: “Komissiya bütün müraciətlərə diqqətlə yanaşır, müraciət daxil olar, baxarıq, görək nə yazılıb”.