“Gulagu.net” layihəsi öz YouTube kanalında Rusiyada məhbuslara qarşı zorakılıqla bağlı yeni görüntülər paylaşıb.
“Gulagu.net” bildirir ki, 17 dəqiqəlik
videoda (
18+. Qəddar zorakılıq səhnələri var) Saratov vilayətindəki Federal Penitensiar Xidmətin Vərəm dispanseri, 4 saylı Belqorod cəzaçəkmə koloniyası və Kamçatkadakı 6 saylı islah-əmək koloniyasından kadrlar yer alıb.
“Gulagu.net”-in qurucusu Vladimir Oseçkin "Facebook"-dakı səhifəsində yazıb ki, “bu kadrlar məhbuslara qarşı davamlı olaraq ciddi şəkildə gizlədilən ağır və çox ağır zorakılıq cinayətləri törədildiyini göstərir və bizim paylaşmağımızdan əvvəl heç bir penitensiar xidmət əməkdaşına, sadistə indiyə qədər cinayət işi açılmayıb”.
İnsan hüquqları layihəsi olan “Gulagu.net” oktyabrın 4-də Rusiyadakı koloniyalarda məhbuslara işgəncə verilməsi və zorlanmasını sübut edən 40 GB-lik arxiv ələ keçirdiyini elan edib. “Gizli arxiv”i hüquq müdafiəçilərinə 5 il həbsdə olarkən Saratov vilayətinin Penitensiar Xidmətindəki kompüterlərə giriş imkanı olan proqramçı ötürüb.
Oktyabrın 5-də Saratovdakı Penitensiar Xidmətin Vərəm dispanserində məhbusların zorlanması və alçaldılması ilə bağlı 3 videonun paylaşılmasından sonra Federal Penitensiar Xidmət və Baş Prokurorluq yoxlamalara başlayıb. İstintaq Komitəsi bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq seksual xarakterli zorakılıq hərəkətləri maddəsi ilə cinayət işi açıb. Saratov vilayətinin Penitensiar Xidmət Şöbəsinin başçısı istefa verib.
“Gulagu.net”-in qurucusu bildirib ki, hüquq müdafiəçiləri Penitensiar Xidmət sistemində məhbuslara işgəncə verilməsi və alçaldılmasını sübut edən bu videoları mərhələli şəkildə paylaşmağı planlaşdırır.