29 Oktyabr 2021
Mətni dəyiş
Moskvanın Ukraynada Bayraktar PUA-larının istifadəsi ilə bağlı narazılığını bildirməsindən sonra Fransadan da oxşar bəyanat verilib. Fransa Xarici İşlər Nazirliyi Ukraynanın şərqində Bayraktar tipli PUA-ların istifadəsindən narahat olduqlarını açıqlayıb.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ukraynada ağır silahlardan istifadə olunmağa başlayıb və bu, atəşkəslə birlikdə normallaşmaqda olan mühitə zərər verə bilər.
Bölgədə qarşıdurmaların yenidən alovlanmasının narahatlıq doğurduğunu deyən Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Minsk razılaşması ilə qadağan olunmuş ağır silahların, xüsusilə Ukrayna ordusunun bəyan etdiyi kimi Bayraktar tipli PUA-ların istifadəsi onları narahat edir.
Sözçü həmçinin bildirib ki, sözügedən ağır silahlardan istifadə 27 iyul 2020-ci ildə qüvvəyə minən atəşkəsə ziddir.
Ukrayna Silahlı Qüvvələri çərşənbə axşamı Bayraktar TB2 PUA-sı ilə Donbasda rusiyapərəst separatçıların istifadə etdiyi haubitsanın vurulmasının görüntülərini paylaşıb.
Ukrayna Silahlı Qüvvələrinin Facebook hesabından verilən açıqlamada rusiyapərəst separatçıların haubitsalardan istifadə edərək atəşkəsi pozduğu və nəticədə 1 Ukrayna əsgərinin şəhid olduğu, 2 əsgərin yaralandığı bildirilib.
“Türkiyə ilə yaxşı münasibətlərimiz var”, deyən Kremlin sözçüsü Dmitri Peskov əlavə edib ki, hazırkı vəziyyətdə Ukrayna ordusuna edilən hər cür silah satışının regionda qeyri-sabitliyə gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqlar reallığa çevrilir.