21 Oktyabr 2021
Mətni dəyiş
"Azərbaycanın Din Xadimləri" ictimai birliyinin beş üzvü – Sərdar Babayev, Qədir Məmmədov, Cəlal Şəfiyev, Əli Musayev və Təmkin Cəfərov oktyabrın 19-u, axşam saatlarında saxlanılıb.
Onların hamısı maide.az saytı ilə əməkdaşlıq ediblər. Yaxınları Amerikanın Səsinə bildirib ki, 5 nəfərin hamısını oktyabrın 19-da axşam saat 16-dan 19-dək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıblar. Evlərdə axtarış aparılıb, kompüterlər və telefonlar götürülüb.
Oktyabrın 20-si səhər tezdən Şəfiyevlə Məmmədov sərbəst buraxılsalar da, bir neçə saatdan sonra onu yenidən saxlayıblar.
Dindarların Dövlət Təhlükəsizliyi Xidmətinə aparılmasının səbəbləri ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.
“Saxlananların hamısı maide.az saytı ilə əməkdaşlıq edir. Onlar yalnız xəbərləri paylaşmaqla məşğul olurlar,” saxlanılanlardan birinin yaxını Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, ailələr yaxınlarının saxlanılmasının səbəbləri ilə bağlı rəsmi məlumat gözləyirlər. Bundan sonra vəkil tutmaq fikrindədirlər.
2017-ci ildə Masallıda Cümə məscidinin imamı olan Babayev dini mərasimlərin aparılması tələblərini pozmaqda ittiham olunaraq üç il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Saxlanılanların hamısı şiədir. Onların saxlanılması İran-Azərbaycan münasibətlərinin gərgin olduğu vaxta təsadüf edir.